×
A
A
A
Sazlamalar

İki yüz qırx beş müharibə veteranına ərzaq yardımı paketlərinin paylanılmasına başlanılıb

Bakı, 4 iyul, AZƏRTAC 

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycanda yayılmasının qarşısının alınması məqsədilə ölkə rəhbərliyi tərəfindən reallaşdırılan genişmiqyaslı tədbirlər çərçivəsində Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun təşəbbüsü ilə 245 nəfər müharibə veteranına ərzaq yardımlarının paylanılmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, aksiyanın keçirilməsinin məqsədi koronavirusun yayıldığı dövrdə yaşayışında çətinlik yaranan və ehtiyacı olan qocaman veteranlara dəstək göstərməkdir.
General-polkovnik Tofiq Ağahüseynov “Evdə qal, həyatları xilas et!” çağırışı ilə müraciət edərək başda veteranlar olmaqla, əhaliyə vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyi tövsiyə edir.
T.Ağahüseynov veteranlara müraciət məktubunda qeyd edib ki, Prezident İlham Əliyev hər bir veteranın Vətən qarşısındakı xidmətlərini bilir və hər zaman yüksək qiymətləndirir. Onun köməyi və dəstəyi ilə veteranlar bu çətin dövrü də arxada qoyacaq. Veteranlar özünü və yaxınlarını qorumalıdır. Koronavirus pandemiyasının bütün dünyanı bürüdüyü bir vaxtda dövlətimizin başçısı tərəfindən atılmış qabaqlayıcı addımlar nəticəsində ölkəmiz bu bəladan cüzi itkilərlə çıxmaq üzrədir. Yaddan çıxarılmamalıdır ki, veteranlar birlikdə bundan da çətin sınaqlardan qalıb çıxıb.
Qeyd edək ki, nəzərdə tutulmuş yardım aksiyası Respublika Veteranlar Təşkilatının sədri Tofiq Ağahüseynovun tapşırığı ilə bu gündən qurumun gənclərin vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov və mətbuat şöbəsinin əməkdaşı Şəhla Qarayevanın iştirakı ilə başladılıb.

Sosial 2020-07-04 15:24:00