×
A
A
A
Sazlamalar

Ödənişli avtomagistralın Xızının Yaşma və Giləzi qəsəbələri arasında yerləşən hissəsində tikinti işləri bitmək üzrədir

Bakı, 1 iyul, AZƏRTAC
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin tərkib hissəsi olan M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayaraq tikilməsi ilə bağlı işlər davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik hissəsində tikinti işləri bitmək üzrədir. Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur qəsəbəsi (Rusiya sərhədi) arasında yerləşən 58 kilometrlik hissəsində isə tikinti işləri bu ilin sonunadək yekunlaşacaq. M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan və 150 kilometr uzunluğunda olan yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Dörd hərəkət zolaqlı olacaq yolun hər bir zolağının və çiyinlərin eni 3,75 metr, ayırıcı zolağın eni 5 metr olmaqla yol yatağının eni 27,5 metr təşkil edəcək. Hazırda tikinti işləri yeni magistralın 1-ci (Yaşma-Giləzi) hissəsi üzrə yekunlaşır. Beşinci (Gəndob-Samur) hissə üzrə isə işlərin bu ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. Qalan 3 hissə üzrə tikinti işlərinin 2021-ci ilin ikinci yarısında yekunlaşdırılması planlaşdırılır.
Layihənin və ilk hissənin başlanğıcı mövcud M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometr olmaqla, yeni yolun 7 kilometrlik hissəsi beton yol üzrə layihələndirildiyindən mövcud sement-beton örtüyü, köhnə asfalt frezlənib, yararsız material qazılıb çıxarılıb, daha keyfiyyətli material ilə tökmə işləri yerinə yetirilib. Layihə üzrə nəzərdə tutulmuş körpülərin, tunellərin və suötürücü boruların tikintisi və kommunikasiya işləri də tamamlanıb. Yeni magistralın tikintisi yekunlaşan hissəsi üzrə hazırda ödəniş məntəqələrinin qurulması istiqamətində addımlar atılır. Ümumilikdə hər bir hərəkət istiqaməti üzrə magistralın 52-ci kilometrində (Yaşma) 171-ci kilometrində (Qusar-Xudat yolu ilə kəsişmə) 4 nəzarət-buraxılış zolağı fəaliyyət göstərəcək. Onlardan biri avtonəqliyyat vasitələrinin sürətli, 2-si adi qaydada keçidi təmin edəcək. Bir keçid isə ehtiyat keçidi olacaq və qabariti normadan böyük olan nəqliyyat vasitələrinin keçməsi üçün də istifadə olunacaq.
Bundan başqa, yeni avtomagistrala 73, 103, 132 və 154-cü kilometrində yerləşən 4 iri yaşayış məntəqəsindən yol qovşaqları vasitəsilə daxil olmaq mümkün olacaq. Bu Giləzi yaşayış məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil yolu ilə kəsişən ərazidir. Sözügedən ərazilərdə isə hər bir hərəkət istiqaməti üzrə 2 nəzarət buraxılış zolağı fəaliyyət göstərəcək.
Yeni magistral avtomobil yolundan istifadə üçün ödəniş hər kilometrə görə yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması nəzərdə tutulub. Hazırda ödəniş məbləğinin müəyyən edilməsi istiqamətində aidiyyəti qurumlarla məsləhətləşmələr aparılır.
Ümumilikdə yeni inşa edilən 150 kilometrlik yolboyu 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 dairəvi müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat boruların, 43 düzbucaqlı suötürücü boruların, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlif gərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub ki, bu çərçivədə işlər bitmək üzrədir. Magistral üzrə hesabi yük A-15, NK-100-dür.
Yola hər hansı maneənin çıxmasının qarşısını almaq məqsədilə körpü və birləşmələrin, alt keçid, suötürücü boruların, işıqlandırma işlərinin, ayrıcı zolaqda beton bardyurların quraşdırılması, ekoloji və ətraf mühitin qorunması tədbirlərinin görülməsi və yolun hər iki tərəfdən çəpərlənməsi (təhkim zolağının eni 72,5 metr olmaqla) nəzərdə tutulur.
Yeni ödənişli avtomagistralın keçdiyi ərazi Xəzər sahili boyu Samur-Dəvəçi ovalığından yerləşərək əsasən yaşayış məntəqələrindən və sənaye müəssisələrindən kənar keçir. Tikiləcək yolun ətraf mühitə, o cümlədən faunaya mənfi təsirini azaltmaq məqsədilə heyvanlar üçün yolaltı keçidlərin tikintisi nəzərdə tutulur.
Yeni avtomobil yolunun tikintisi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və sərnişin daşımalarında əsas rol oynayaraq, respublikamızın iqtisadi maraqlarına uyğun olaraq yüklərin, o cümlədən tranzit yüklərin daha geniş cəlb olunmasına, yük həcminin çoxalmasına və gəlirlərinin artmasına, ölkəmizin nəqliyyat infrastrukturunun inkişafına, yeni iş yerlərinin açılmasına, öz növbəsində, bir çox sosial problemlərin həllinə şərait yaradacaq.

Tikinti̇ 2020-07-01 17:22:00