Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azersky” peykinin orbitə buraxılmasından 6 il keçir

Bakı, 30 iyun, AZƏRTAC

Bu gün “Azersky” peykinin orbitə buraxılmasından 6 il ötür.
AZƏRTAC xəbər verir ki, “Azersky” peyki Hindistanın Kosmik Tədqiqat Təşkilatı tərəfindən idarə olunan “Satish Dhawan Space Centre” kosmodromundan “Polar Satellite Launch Vehicle” (PSLV) daşıyıcı raketi ilə 2014-cü il iyunun 30-da uğurla orbitə çıxarılıb.
“Azersky” peykinin çəkisi 765 kiloqram təşkil edir və qanadları açılmış halda 1,55 metr x 1,75 metr x 2,7 metr ölçüsündədir. Peykin istismar dövrü minimum 12 ildir.
“Azərkosmos” və “Airbus Defence and Space” arasında imzalanmış müqaviləyə əsasən “Azersky” və SPOT 6 yüksək ayırdetməli (1,5 m ayırdetmə), həmçinin Pleiades 1A və 1B çox yüksək ayırdetməli (0,5 m ayırdetmə) məsafədən müşahidə peykləri hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk qruplaşması formasında birgə istifadə olunur.
Peykin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və sair kimi geniş tətbiq sahələri var.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.

 

İKT 2020-06-30 22:04:00