Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Çin Kommunist Partiyası üzvlərinin sayı 92 milyona yaxınlaşır

Pekin, 30 iyun, AZƏRTAC

Çin Kommunist Partiyası (ÇKP) üzvlərinin sayı 91 milyon 910 min nəfərdir.
AZƏRTAC partiyanın mərkəzi komitəsinin təşkilati işlər departamentinə istinadla xəbər verir ki, 2019-cu ilin sonuna olan bu rəqəm əvvəlki illə müqayisədə 1,32 milyon nəfər çoxdur.
Ötən il partiya sıralarına qəbul olunanların təxminən yarısı ali təhsil ocaqlarının məzunlarıdır. Partiyanın ərazi ilk təşkilatlarının sayı 4,6 milyonu ötüb.
Qeyd edək ki, 1921-ci ildə yaradılan Çin Kommunist Partiyası 28 illik mübarizədən sonra inqilab sayəsində hakimiyyətə gəlib və Çin Xalq Respublikası yaradılıb. ÇKP üzvlərinin sayına görə dünyada Hindistan Xalq Partiyasından (BJP) sonra ikinci ən böyük siyasi partiyadır. Ali orqanı 5 ildən bir keçirilən qurultay olan partiyanın Mərkəzi Komitəsi, Mərkəzi Komitənin Siyasi Bürosu, Siyasi Büronun Daimi Komitəsi fəaliyyət göstərir. Partiyanın 2017-ci ilin oktyabrında keçirilmiş 19-cu qurultayında formalaşmış Mərkəzi Komitəsinin ilk plenumunda Si Cinpin yenidən ÇKP Mərkəzi Komitəsinin baş katibi seçilib. O, hazırda həm də Çin Xalq Respublikasının Sədri, silahlı qüvvələrin ali idarəedici orqanı olan Mərkəzi Hərbi Şuranın sədridir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

Dünya 2020-06-30 21:05:00