Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Olimpiya çempionu: Hər bir vətəndaş məsuliyyətli olmalı, koronavirus təhlükəsinə ciddi yanaşmalıdır

Bakı, 30 iyun, AZƏRTAC

Koronavirus pandemiyasının dünyada geniş yayıldığı belə bir çətin dövrdə ölkə əhalisinin birlik və həmrəylik göstərməsi, Operativ Qərargahın tələblərinə əməl etməsi çox vacibdir. Hər kəs yüksək qətiyyət nümayiş etdirməli, bu təhlükəli infeksiyaya qarşı ciddi mübarizə aparmalıdır. Hər birimiz bilməliyik ki, karantin rejiminin qaydalarına riayət edib, tibbi maskadan və digər qoruyucu vasitələrdən istifadə etməklə özümüzün, doğmalarımızın və yaxınlarımızın xəstəliyə yoluxma riskini azalda bilərik. Dünyanı cənginə alan bu təhlükəli infeksiyanın yayılma arealına diqqət etsək görərik ki, əhalisinin karantin qaydalarına tam əməl etdiyi ölkələrdə xəstəliyə yoluxma sürəti azalmaqdadır.
Bu sözləri Olimpiya çempionu Zemfira Meftahətdinova AZƏRTAC-a məxsusi müsahibəsində bildirib.
İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq, Olimpiya Oyunlarının məhz COVID-19 səbəbindən təxirə salınmasının pandemiyanın təhlükəli həddə olduğunu göstərdiyini vurğulayan Olimpiya çempionu deyib: “Yay Olimpiya Oyunlarının dünyada tüğyan edən pandemiyaya görə təxirə salınması vəziyyətin nə qədər ciddi olduğunu göstərir. Tarixə nəzər salsaq görərik ki, Olimpiadalar yalnız ciddi müharibələr dövründə təxirə salınıb, yaxud ləğv olunub. Eyni zamanda, hazırda demək olar ki, bütün turnirlər, o cümlədən dünya, Avropa çempionatları, beynəlxalq yarışlar dayandırılıb. Azərbaycan dövləti pandemiyanın qarşısını almaq üçün bütün təxirəsalınmaz tədbirləri görür. Lakin bu mübarizədə hər bir vətəndaşın məsuliyyətli olması, yüksək həmrəylik nümayiş etdirməsi çox vacibdir. Ona görə də hər birimiz üzərimizə düşən məsuliyyəti hiss etməliyik. Unutmamalıyıq ki, bu təhlükəli infeksiyanın öhdəsindən ancaq birlikdə gələ bilərik”.

İdman 2020-06-30 18:38:00