Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Süni şəkildə toyuqların çəkisini artıran daha bir emal sexi aşkarlandı VİDEO

Siyəzən, 30 iyun, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı Siyəzən şəhəri İsmət Qayıbov küçəsində fiziki şəxs Nəsir Ramazan oğlu Əhmədova məxsus quş əti məhsullarının qablaşdırılması sexinə baxış keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, baxış zamanı sexin yaşayış evinin həyətində qanunsuz fəaliyyət göstərdiyi, kəsilib təmizləndikdən sonra emal sahəsinə gətirilən toyuqların nasosa birləşdirilmiş xüsusi iynə ucluğa malik avadanlıqla daxilinə maye vurularaq çəkisinin qanunsuz yolla, su hesabına 300-350 qram artırıldığı məlum olub. Müəyyən edilib ki, toyuqlar yaxınlıqda yerləşən, antisanitar şəraitdə fəaliyyət göstərən toyuq kəsimi sexindən tədarük olunur.
Agentliyin əməkdaşları tərəfindən qanunvericiliyin tələbləri çərçivəsində hər iki müəssisənin fəaliyyəti məhdudlaşdırılıb. Məhsullardan götürülən nümunələr müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.
AQTA-dan bildirilib ki, əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirləri bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısı qətiyyətlə alınacaq.

Regionlar 2020-06-30 18:28:00

Video