Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Misir xalqı inqilabın ildönümünü qeyd edir

Qahirə, 30 iyun, AZƏRTAC 

Bu gün Misir xalqı 2013-cü il iyunun 30-da baş vermiş inqilabın ildönümünü qeyd edir.
AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə ölkə Prezidenti Əbdülfəttah əl-Sisi xalqa müraciət edib.
Misir Prezidenti müraciətində bildirib ki, 30 İyun inqilabının ölkənin müstəqilliyi, suverenliyi və insanların əmin-amanlığı baxımından taleyüklü bir hadisə olub. “Milyonlarla insan Qahirənin və digər şəhərlərin meydanlarına çıxaraq xaosun və qeyri-sabitliyin qarşısını almağı tələb edib. Misir ordusu onların bu tələbini yerinə yetirib və xalqın iradəsi ilə qurulan yeni dövlət nizamı dünyada ən qədim tarixə malik olan məmləkəti inkişaf yoluna çıxarıb”, -deyə Əbdülfəttah əl-Sisi vurğulayıb.
O, ölkədə quruculuq işləri ilə yanaşı, hələ də məkrli niyyətlərini həyata keçirməyə can atan terrorçu qruplaşmalarla mübarizənin davam etdiyini əlavə edib.
Misirdə 30 İyun inqilabı cəmi bir il hakimiyyətdə olan “Müsəlman qardaşları” hərəkatının lideri Məhəmməd Mursinin devrilməsi ilə nəticələnib. Bundan sonra ölkədə referendum keçirilib və parlamentin sədri Ədli Mansurun rəhbərliyi ilə müvəqqəti hökumət yaradılıb. Həmin vaxt Müdafiə naziri olan Əbdülfəttah əl-Sisi 2014-cü il iyulun 3-də keçirilmiş prezident seçkilərində qalib gələrək dövlət başçısı olub.
Misir Prezidenti inqilabın ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində Sfinks və Yeni Qahirə beynəlxalq aeroportlarının, Qərbi Qahirə magistral yolunun açılışlarında iştirak edib.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Dünya 2020-06-30 14:47:00