Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Könüllülük cəmiyyət üçün böyük dəyər, vətənpərvərlik məktəbidir

İsmayıllı, 30 iyun, AZƏRTAC 

İsmayıllı gəncləri koronavirus pandemiyasının yaratdığı təhlükə ilə əlaqədar tətbiq olunan sərt karantin rejimi dövründə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) reallaşdırdığı “Bir-birimizi qoruyaq” aksiyasında fəal iştirak edirlər.
İsmayıllı Rayon Gənclərin İnkişaf və Karyera Mərkəzinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səadət Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, gənc könüllülər aksiya çərçivəsində vətəndaşların karantin rejimi qaydalarına riayət etmələri ilə əlaqədar geniş təbliğat işləri aparırlar. Maarifləndirmə xarakteri daşıyan tədbirlərlə yanaşı, gənclər sakinlərə əlcək və qoruyucu maskalar verir, əhalinin sıx olduğu məkanlarda, o cümlədən parklarda, kafelərdə, banklarda, ictimai nəqliyyatda görüntülü yerlərə təşviqat xarakterli yazıların əks olunduğu stikerlər yapışdırırlar.
“Könüllülük cəmiyyət üçün böyük bir dəyərdir. Könüllülük həm də vətənpərvərlik məktəbidir. Bunu yaxşı dərk edən İsmayıllı gəncləri dünyanı təşvişə salan pandemiya dövründə həm də tənha, ahıl insanlara xidmətlərini bundan sonra da əsirgəməyəcəklər”, - deyə S.Rəhimova vurğulayıb.

Regionlar 2020-06-30 12:45:00