Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Qubalı fermerlər heyvandarlıqda süni mayalandırma üsulundan geniş istifadə edirlər VİDEO

Quba, 30 iyun, Elxan Yusifli, AZƏRTAC 

Qubalı fermerlər son illər süni mayalandırma üsulundan geniş istifadə etməklə heyvandarlıqda qısırlığı azaltmağa, eyni zamanda, balavermə faizini yüksəltməyə nail olublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təkcə bu ilin ötən dövründə rayonda 1100 baş heyvan mayalandırılıb. Süni yolla mayalandırılan bu heyvanlardan 600 başdan çox bala alınıb.
Təsərrüfatçı Əkrəm Əmirov deyib ki, süni mayalandırma üsulu ilə əldə olunan heyvanlardan daha çox ət və süd əldə etmək olur. “Bu yolla əldə olunan erkək heyvan bir yaşa çatanda artıq 300 kiloya yaxın çəkiyə malik olur. Təsərrüfatımızda təkcə bu il 6 heyvandan süni mayalandırma üsülu ilə bala almışıq. Onlardan biri əkiz bala verib. Hər doğulan balaya görə 100 manat subsidiya alırıq. Süni mayalanma yolu ilə alınan buzovlar rayonun iqlim şəraitinə tez uyğunlaşır və bu yolla alınan heyvanların həm diri çəkisi, həm də südü yerli inəklərinkindən 3-4 dəfə çox olur”, - deyə təsərrüfatçı qeyd edib.
Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev isə bildirib ki, heyvandarlıq təsərrüfatlarında məhsuldarlığın artımına və heyvanların cins tərkibinin yaxşılaşdırılmasına nail olmaq məqsədilə süni mayalanmadan istifadə edilir. Son bir neçə ildə heyvanlarını süni mayalandırmaq üçün müraciət edən fermerlərin, eləcə də fərdi təsərrüfat sahiblərinin sayı xeyli artıb. Qubalı təsərrüfatçılar süni mayalandırmada daha çox “Qara-ala” və “Simmental” cinslərinə üstünlük verirlər.
Mütəxəssis müraciət edənlərin sayının artmasında bu sahədə əldə olunan müsbət nəticələrin xüsusi rol oynadığını qeyd edir. Süni mayalandırma zamanı yoluxucu xəstəliklərin, xüsusən təbii cütləşmə ilə yayılan xəstəliklərin qarşısı alınır.

 

Regionlar 2020-06-30 12:20:00

Video