Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Anyes Evren Parisin 15-ci rayonunun meri seçilib

Paris, 30 iyun, AZƏRTAC

Avropa Parlamentinin türk əsilli deputatı Anyes Evren Parisin 15-ci rayonunun meri seçilib.
AZƏRTAC xəbər verir ki, o, bələdiyyə seçkilərində səslərin 53,5 faizini toplayaraq qələbə qazanıb.
Respublikaçılar partiyasından olan A.Evren mer postu uğrunda mübarizədə rəqibləri Anuş Toranian (35,18 faiz) və Katerin İbledə (11.29%) qalib gəlib.
Qeyd edək ki, 15-ci rayonun sabiq meri Filip Qujonla müttəfiq olan A.Evren bələdiyyə seçkilərinin birinci turunda da qələbə qazanıb.
1970-ci ildə Parisin 12-ci rayonunda türk ailəsində anadan olan A.Evren Pablo-Pikaso liseyini və Panteon-Sorbon Universitetini bitirib. O, 1993-cü ildə magistr dərəcəsinə, 1996-cı ildə isə siyasi və sosial kommunikasiya üzrə ixtisaslaşmış diploma yiyələnib.
1996-2002-ci illərdə Milli Assambleyanın əməkdaşı kimi fəaliyyət göstərən və əsasən təhsil məsələləri ilə məşğul olan A.Evren 2004-cü ildə “Siyasi strategiya şurası” adlı özəl cəmiyyət yaradıb.
Valeri Pekres İl-dö-Frans regionunun regional şurasının prezidenti seçildikdən sonra A.Evren regionun vitse-prezidenti vəzifəsinə təyin olunub. O, 2018-ci ildə Respublikaçıların Paris Federasiyasının prezidenti seçilib.
2019-cu ildə Avropa Parlamentinə seçkilərdə Respublikaçılar və Mərkəzçilər tərəfindən namizədliyini irəli sürən A.Evren həmin ildən bu qurumun deputatıdır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Dünya 2020-06-30 02:42:00