Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Abşeron rayonunda yaşıllıqlara mütəmadi qulluq göstərilir

Xırdalan, 30 iyun, Ətrabə Rzayeva, AZƏRTAC

COVID-19 pandemiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə sərtləşdirilmiş karantin rejiminin tətbiq olunduğu Abşeron rayonunda isti yay günlərində mövcud yaşıllıqlara qulluq göstərilməsi məsələsi nəzarətdə saxlanılır.
Abşeron Rayon Abadlıq və Yaşıllaşdırma İdarəsindən AZƏRTAC-a bildirilib ki, rayonun kənd və qəsəbələrində, eləcə də Xırdalan şəhərində yay mövsümü zamanı qulluğun səmərəliliyini yüksəltmək məqsədilə ağaclar və digər yaşıllıqlar, yol kənarlarındakı və parklardakı qazon örtüyü səhər və axşam saatlarında suvarılır. Suvarma zamanı həm də yol kənarlarındakı ağaclar yuyulur ki, bu da onların qurumasının qarşısını alır.
Həyata keçirilən tədbirlər çərçivəsində rayondakı idarə, təşkilat, ictimai-iaşə və digər özəl kommersiya qurumlarının inzibati binalarının, yol və küçələrin kənarlarında yaradılmış yaşıllıq guşələrinə də gündəlik qulluq göstərilir, dibçəklərdəki güllər və gül kolları mütəmadi olaraq sulanır.
Həyata keçirilən tədbirlərə rayonun digər kommunal xidmətlərinin əməkdaşları da qoşulublar. Belə ki, mütəmadi olaraq aparılan təmizlik işləri ilə yanaşı, ərazidə tibbi-profilaktiki və dezinfeksiya tədbirləri də görülür.

Regionlar 2020-06-30 03:04:00