×
A
A
A
Sazlamalar

Lissabon İslam icmasının prezidenti seçilib

Lissabon, 29 iyun, AZƏRTAC

Məhəmməd İqbal üç il müddətinə Lissabon İslam icmasının (CIL) lideri vəzifəsinə seçilib.
AZƏRTAC xəbər verir ki, seçkilər Lissabondakı Mərkəzi Məsciddə keçirilib. Səsvermədə 75 nəfər iştirak edib. 64 nəfərin səsini qazanmış Məhəmməd İqbal gələn bazar günü öz vəzifəsinin icrasına başlayacaq.
Seçki dairəsinin sədri Osman İbrahimin sözlərinə görə, bu seçkilərdə seçicilərin sayı üç minə yaxın olmalı idi, lakin COVID-19 pandemiyası ilə əlaqədar təhlükələr ucbatından səsvermədə cəmi 75 nəfər iştirak edib.
Lissabonun İslam cəmiyyətinin idarəetmə orqanlarına seçkilər keçirilməsi indiki prezident Əbdül Vəkilin 33 illik hakimiyyətinə son qoyub.
Hazırda Portuqaliyada 50.000, o cümlədən Lissabonda təqribən 7.000 müsəlman yaşayır.
Lissabon İslam icması 1968-ci ildə bir qrup müsəlman tələbə tərəfindən yaradılıb. O vaxt Portuqaliya paytaxtında təhsil alan Əbdül Vəkil də həmin tələbələr arasında olub.
1966-cı ildə beş müsəlmandan və beş katolikdən ibarət komissiya Lissabonda məscid tikintisi məqsədilə torpaq sahəsi ayrılması üçün Lissabon şəhər şurasına müraciət edib. 1979-cu ilin yanvarında məscidin təməli qoyulub, tikintinin birinci mərhələsi isə 1985-ci il martın 29-da başlanıb.
Lissabondakı Mərkəzi Məscidin layihəsi memarlar Antonio Braqa və Joau Paulu Konseysau tərəfindən hazırlanıb, məscidin imamı şeyx David Münirdir.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon

Din 2020-06-29 15:49:00