×
A
A
A
Sazlamalar

Xətai rayonunda inşa edilən yerüstü piyada keçidi sakinlərin təhlükəsizliyinə göstərilən qayğıdır VİDEO

Bakı, 22 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, iyunun 22-də Prezident İlham Əliyevin iştirakı ilə paytaxtın Xətai rayonunun Neapol küçəsində yeni yerüstü piyada keçidi istifadəyə verilib. Rayon sakinlərinin ən sevimli istirahət məkanı olan Heydər Əliyev Parkının yaxınlığında yerləşən piyada keçidi yüksək zövq, tam fərqli görkəm, müasir texnologiyalar əsasında inşa edilib.
Rayon sakini Sima Əhmədova AZƏRTAC-ın müxbirinə bildirib ki, səhər saatlarında açılışı olan möhtəşəm keçid Xətai rayonunda məskunlaşan insanların, xüsusilə şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə inşa edilib. Keçid inşa edilməzdən əvvəl bu yoldan istifadə zamanı bir neçə qəza hadisələri baş vermişdi. Sakinlərin bu yoldan istifadəsi nəqliyyat vasitələrinin hərəkətinə də maneə yaradırdı. Bu səbəbdən belə keçidin tikilməsi böyük əhəmiyyət daşıyır. İnsanlar buradan istifadə edərək öz təhlükəsizliyini qoruya bilərlər. Biz dövlətimizin başçısı İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edir, onların Azərbaycan vətəndaşları üçün atdığı bu addımları dəstəkləyir, xalqımız adından təşəkkür edirik.
Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanov deyib ki, istifadəyə verilən yerüstü piyada keçidi Xətai sakinləri üçün böyük bir töhfədir: “Yerüstü piyada keçidinin yanında yerləşən, ulu öndər Heydər Əliyevin adını daşıyan park insanların intensiv istifadə etdiyi, gəzdiyi bir parkdır. Əvvəllər bu parka gəliş müəyyən maneələr yaradırdı. Prezident İlham Əliyevin göstərişi ilə belə bir keçidin salınması əhalinin təhlükəsizliyinə göstərilən qayğıdır. Heydər Əliyev Parkı 2000-ci ildə inşa edilib. Bu park ərsəyə gəldiyi zaman ümummilli lider Heydər Əliyev şəxsən açılış mərasimində iştirak edib. 2007-ci ildə park əsaslı şəkildə yenidən təmir edilib və Ulu Öndərin abidəsi ucaldılıb. Bu park paytaxta gələn qonaqların da ən sevdiyi məkanlardan biridir”.
Xətai rayon sakini Bilalova Nüşabə isə qeyd edib ki, yeni yerüstü keçid görünüşünə görə tam fərqlənir və insanların təhlükəsizliyinə xidmət etdiyi üçün çox əhəmiyyətli yerdə inşa edilib.
“Həm insanların parka daxil olması, həm də şagirdlərin buradan istifadə edərək məktəbə getməsi üçün bu keçidin inşası vacib rol oynayır. Keçidin müasir qaydalara uyğun tikildiyi aydın görünür. Burada fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift də quraşdırılıb. Şagirdlər Ümummilli Liderin abidəsini ziyarət etmək, keçirilən bayram tədbirlərində iştirak etmək üçün tez-tez bu parka gəlirlər. Yeni keçid hər birimizin təhlükəsizliyini təmin edəcək”, - deyə o bildirib.
Qeyd edək ki, yeni keçidin inşası bir çox problemi həll edib. Belə ki, əvvəllər ərazidə piyadalar üçün çox böyük çətinliklər olur, onlar günün pik saatlarında yolu keçməkdə problemlə üzləşirdilər. Piyadaların buradan yolu keçməsi nəqliyyat vasitələrinin hərəkətinə də mane olur, nəticədə ərazidə piyadalar təhlükə, avtomobillər isə tıxacla qarşılaşırdı.
Müasir görünüşü ilə fərqlənən yeni keçiddə fiziki məhdudiyyətli insanların rahatlığını təmin etmək üçün 2 müasir lift quraşdırılıb.

Tikinti̇ 2020-06-22 19:26:00

Video