×
A
A
A
Sazlamalar

Azərbaycan startapları Silikon Vadisində top pre-akseleratorda 3-cü yeri tutub

Bakı, 19 iyun, AZƏRTAC

Azərbaycan startapları Silikon Vadisində top pre-akseleratorda 3-cü yeri tutub. Müxtəlif ölkələrdən iştirak edən 150 komanda arasında yerli startaplarımızdan “ABC Planet” və “ VRiendly” da təmsil olunub.
İnnovasiyalar Agentliyindən AZƏRTAC-a bildiriblər ki, bir neçə mərhələdən keçən startaplar uğurlu nəticə ilə “Draper University”nin reallaşdırdığı onlayn proqramın məzunları olub.
Həmtəsisçi və CEO Ülvi Həsənlinin simasında təmsil edilən “VRiendly” startapı (https://www.vriendly.co/ ) TOP 25 komanda siyahısına daxil olub. Həmtəsisçi və CEO Cəmil İslamovun simasında təmsil olunan “ABC Planet” (https://abcplanet.org/ ) startapı isə TOP 3 ən güclü və perspektivli startap siyahısında yer alaraq “Draper University”nin dəstəyi ilə investisiya almaq imkanı qazanıb. Artıq ABŞ-ın bir neçə nüfuzlu vençur fondu startaplara investisiya etmək üçün müraciət edib.
Xatırladaq ki, “ABC Planet” bu ilin may ayında İnnovasiyalar Agentliyinin nəzdində fəaliyyət göstərən Barama Pre-akselerasiya proqramını bitirən 5 startapdan biridir. Daha sonra Agentliyin tərəfdaşı olan beynəlxalq “Scaleink” biznes akselerator platformasına onlayn formada qəbul olunub. “Scaleink” (https://www.scaleink.com/ ) tərəfindən təqdim edilən mentor dəstəyi nəticəsində “Draper University”nin proqramına qoşularaq ilk üçlükdə yer ala biliblər. Hazırda “ABC Planet” və “VRiendly” startapları “Scaleink” platformasında intensiv mentor dəstəyi almağa davam edirlər.
“Scaleink” startaplara əsaslı və möhkəm özüllər üzərində inkişafı və hər bir biznes üçün individual yanaşmanı təmin edən platformadır və “Draper University”nin Azərbaycan üzrə tərəfdaşıdır.
Hazırda platformada startapları möhkəm inkişaf yolu ilə təmin edən, onlara dünyanın müxtəlif yerlərindən olan mentorlar vasitəsilə peşəkar biznes və texniki dəstək göstərən, həmçinin maliyyə bazarlarına çıxışlarını təmin edən 2 proqram mövcuddur. Bunlar: Pre-akselerasiya və akselerasiya proqramlarıdır.
Beləliklə, İnnovasiyalar Agentliyi və “Scaleink” platformasından aldıqları birgə dəstək və hazırlıq nəticəsində “ABC Planet” və “VRiendly” Silikon Vadisində yerləşən “Draper University”nin ilk azərbaycanlı məzunları olub.

İKT 2020-06-19 22:58:00