×
A
A
A
Sazlamalar

Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidentinə məktubuna rəsmi cavab verilib

Bakı, 19 iyun, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin ABŞ Prezidenti Donald Trampa İranda koronavirus pandemiyasının və mövcud sanksiyaların yaratdığı humanitar problemlərlə bağlı ünvanladığı məktuba bu ölkənin Azərbaycandakı səfiri Örl Litzenberqer tərəfindən rəsmi cavab verilib.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məktubda Qafqaz Müsəlmanları İdarəsi sədrinin məsələ ilə əlaqədar narahatlıq ifadə edilən mövqeyi dəyərləndirilib, Birləşmiş Ştatlar tərəfindən bu narahatlığın bölüşüldüyü bildirilib.
Məktubda Şeyxülislam Allahşükür Paşazadənin humanitar böhran dövründə insan həmrəyliyinin önəminin artdığına dair fikirləri ilə bağlı deyilir: "Biz İran xalqı üçün dünya ictimaiyyətinin narahatlığını bölüşürük. Prinsip olaraq sanksiya proqramlarımız İranla xoşniyyətli, humanitar sahə ilə bağlı ticarət, yardım və fəaliyyətləri hədəf almır və ya hansısa şəkildə məhdudlaşdırmır”.
Məktubda, həmçinin Birləşmiş Ştatların Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra ölkəmizi dəstəklədiyi və gələcəkdə də tərəfdaşlığın davam etdirilməsində maraqlı olduğu vurğulanıb.

Din 2020-06-19 17:46:00