×
A
A
A
Sazlamalar

QMİ: Koronavirusla bağlı qaydalara əməl etməyən din xadimləri ilə əlaqədar müvafiq ölçü götürüləcək

Bakı, 19 iyun, AZƏRTAC 

Bütün dünyada sürətlə yayılan koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması və onun fəsadlarının qarşısının alınması məqsədilə dövlətimiz tərəfindən bütün mümkün tibbi-sanitar və ictimai təhlükəsizlik tədbirləri həyata keçirilir. Dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkəmizdə karantin gündəmə gələn ilk vaxtlardan koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahların fəaliyyətini müvəqqəti dayandıraraq, kütləvi ibadət mərasimlərinə ara verilməsi barədə tapşırıq və tövsiyələrini verdi.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda deyilir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq dəfn mərasimləri məhdud sayda, yaxın qohumların iştirakı və sosial məsafəyə riayət edilməklə həyata keçirilməlidir. Qapalı, yaxud açıq məkanlarda on nəfərdən çox şəxsin iştirakı ilə ehsan verilməsi, yas məclislərinin təşkili və orada din xadimlərimizin iştirakına icazə verilmir. Tövsiyə sənədimizdə bu məqamlar birmənalı şəkildə əksini tapıb. Bütün din xadimlərinə bununla bağlı tərəfimizdən tapşırıq verilib. Bu tövsiyə qərarlarının icrasına QMİ nəzarət edir, tapşırığın yerinə yetirilməsinə yerlərdəki qazilərimiz və səlahiyyətli nümayəndələrimiz məsuldurlar və bu barədə QMİ-yə mütəmadi məlumat verirlər. Bu müvəqqəti çətinlik dövründə tövsiyələrimizi nəzərə almayanlar, təəssüf ki, mövcud vəziyyətin məsuliyyətini dərk edə bilməyənlərdir. Qayda və tövsiyələrə əməl etməyən din xadimləri ilə bağlı hal aşkarlanarsa, QMİ tərəfindən müvafiq ölçü götürüləcək.
QMİ bir daha öz tövsiyələrini diqqətə çatdırır və əmindir ki, dindarlarımız və cəmiyyətimiz hər birimiz üçün təhlükəli olan məqamda tibbi-profilaktik tədbirlərə riayət etməklə yanaşı, vacib saydığımız tövsiyələri anlayışla qarşılayacaq. Ümid edirik ki, Allah-təala tezliklə xalqımızın üzərindən bu bəlanı dəf edəcək, səbat və rifahımız bərqərar olacaq, İnşallah.
Bu çətin və məsuliyyətli dövrdə xalqımızın pandemiya ilə mücadiləsində böyük əzm və mətanət nümayiş etdirən həkimlərimizə, təhlükəsizliyimizin keşiyində duran polis işçilərinə dərin minnətdarlığımızı bildirir, onlara şərəfli fəaliyyətlərində Uca Allahdan uğurlar diləyirik. Bu mürəkkəb dövrdə din xadimləri də öz vəzifələrini böyük məsuliyyətlə yerinə yetirirlər. Öz sağlamlıqlarını riskə ataraq vəfat etmiş insanları üçün şəriətlə mühüm olan dini vacibatların yerinə yetirilməsini gecəli-gündüzlü həyata keçirməklə fədakarlıq nümayiş etdirirlər. Din xadimləri Azərbaycan xalqının xidmətindədir və bundan şərəf duyur.
Uca Allah Azərbaycanı hifz etsin.

Din 2020-06-19 17:10:00