×
A
A
A
Sazlamalar

Qazaxıstandan Azərbaycana maşınqayırma məhsullarının ixracı artır

Nur-Sultan, 19 iyun, AZƏRTAC
Qazaxıstanda sənayeləşmə proqramı çərçivəsində təqribən 367 milyard təngə həcmində 128 layihə həyata keçirilib. Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişaf naziri Beybut Atamkulov sənayeləşmə proqramının icrası barədə məlumat verib.
AZƏRTAC xəbər verir ki, ölkədə yeni növ maşınqayırma məhsulları - minik avtomobilləri, elektrovozlar, dəmir yolu təkərləri Rusiya, Çin, Azərbaycan, Tacikistan, Birləşmiş Ərəb Əmirlikləri, Türkmənistan və digər ölkələrə ixrac olunur.
Nazir bildirib ki, avtomobil sənayesi maşınqayırma sənayesi arasında ən yüksək artım dinamikasını göstərir, istehsal 24,5 dəfə, illik investisiya axını 14,4 dəfə artıb. Qazaxıstan avtomobil sənayesi məhsulları ixrac bazarlarına çıxıb. Eyni zamanda, ölkə daxilində satılan hər ikinci yeni minik avtomobili yerli istehsaldır.
B.Atamkulov deyib ki, bu ilin yanvar-may aylarında 173 milyard təngə dəyərində 26 min 810 avtomobil istehsal edilib. Eyni dövrdə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Özbəkistana 1659 avtomobil ixrac edilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan

Sənaye 2020-06-19 17:08:00