×
A
A
A
Sazlamalar

Astara dəmir yolu terminalı fəaliyyətə başladıqdan sonra İranla Azərbaycanın idxal-ixrac əməliyyatlarının həcmi 2,8 dəfə artıb

Tehran, 17 iyun, AZƏRTAC

Astara dəmir yolu terminalı fəaliyyətə başladıqdan sonra İran ilə Azərbaycan arasında həyata keçirilən idxal-ixrac əməliyyatlarının həcmi 2,8 dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri İranın Dövlət Dəmir Yolları İdarəsinin şimal departamentinin rəisi Qulam Hüseyni deyib. Onun sözlərinə görə, İran təqvim ilinin ilk 2 ayı ərzində (martın 20-dən mayın 20-dək) Azərbaycana 41 min 535 ton məhsul ixrac edilib.
Q.Hüseyni bildirib ki, Azərbaycan və İranın aparıcı rol oynadıqları Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi üzrə işlər intensiv şəkildə davam edir. Dəhlizin formalaşması istiqamətində həyata keçirilən iri infrastruktur layihələrindən biri Astara yük terminalıdır. Terminalın inşasının birinci mərhələsi başa çatıb və qatarlarla yüklərin daşınması prosesi davam edir. Bu terminalın inşası 2017-ci ildə qarşılıqlı razılaşmaya əsasən “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılır. Hazırda Astara terminallar kompleksinin daxilində artıq ümumi yük terminalı inşa edilib və 3 xətdən ibarət 1800 metr terminaldaxili dəmir yolu çəkilib. Bundan başqa, terminalda 1440 kvadratmetr sahəsi olan, yüklərin aşırılmasında istifadə edilən platforma tikilib.
O deyib ki, Astara yük terminalı və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Rəşt-Astar(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti tam istismara verildikdən sonra nəinki İran ilə Azərbaycan arasında, eləcə də region ölkələri arasında ticarət əlaqələri intensiv şəkildə inkişaf edəcək. Yükdaşımaların həcmi artacaq ki, bu da hər iki qonşu və dost dövlətin iqtisadiyyatının inkişafına böyük təkan verəcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Nəqliyyat 2020-06-17 13:10:00