×
A
A
A
Sazlamalar

“Bakı Taksi Xidməti” 200-dən çox dializ xəstəsinə yardım edib

Bakı, 16 iyun, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC 200-dən çox dializ xəstəsinə yardım edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Bakı Taksi Xidməti” və “ASAN xidmət”in 108 Çağrı mərkəzi sərtləşdirilmiş karantin rejimində vətəndaşlara xüsusi xidmətlər göstərib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, 2020-ci il 14 iyun saat 00:00-dan 16 iyun saat 06:00-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar bir sıra məhdudiyyətlər tətbiq edilib.
Məhdudiyyətlərin tətbiq edildiyi müddətdə siyahısı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs tərəfindən təqdim olunmuş 200-dən çox dializ xəstəsinin “ASAN xidmət”in 108 Çağrı mərkəzi vasitəsilə müvafiq tibb müəssisələrinə çatdırılması təmin olunub.
“ASAN könüllüləri”nin iştirakı ilə həmin şəxslər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında “Bakı Taksi Xidməti” MMC-nin xüsusi avtomobilləri vasitəsilə aidiyyəti tibb müəssisələrinə aparılıb və geri qaytarılıblar.

Nəqliyyat 2020-06-16 14:29:00