×
A
A
A
Sazlamalar

Milli Qurtuluş Günü - Müstəqilliyimizin əbədiyyətə çevrilməsinin əsası qoyulan gün

Bakı, 16 iyun, AZƏRTAC

1991-ci ilin oktyabrında Azərbaycan müstəqilliyini bərpa etdi. Bu, çox böyük bir tarixi hadisə, xalqımızın həyatında yeni bir dönüş nöqtəsi idi. Xalqımızın mərd oğul və qızlarının qanı bahasına yenidən azad və müstəqil şəraitdə yaşamaq, milli dövlətçiliyimizi yaratmaq imkanı əldə edildi. Uzun illərdən sonra biz Azərbaycanı dünyaya tanıtmaq imkanı qazandıq. Lakin təəssüflər olsun ki, müstəqilliyimizin ilk illərində ölkəyə rəhbərlik edənlərin dövlət idarəçiliyindəki naşılığı, öz maddi maraqlarını hər şeydən üstün tutmaları uzun illər həsrətində olduğumuz müstəqilliyi addım–addım uçuruma yaxınlaşdırırdı. Müstəqilliyin elə ilk günlərindən ağır, məşəqqətli günlərlə rastlaşdıq.
Bu fikirləri AZƏRTAC-a Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının sektor müdiri, politoloq Səhər İsmayılova bildirib.
S.İsmayılova deyib ki, 1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Ölkədə ayrı-ayrı qruplaşmalara xidmət göstərən qeyri-qanuni silahlı birləşmələrin əhalini qorxu içərisində saxlamaları, qanunsuzluğun baş alıb getməsi, özbaşınalıq, anarxiya, xaos bizi müstəqilliyimizi itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Hətta 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın parçalanaraq dünya xəritəsindən silinmək təhlükəsi də meydana çıxmışdı. Ziyalılara, tanınmış ictimai-siyasi xadimlərə saymazlıq, kadrların seçilib yerləşdirilməsində savaddan, təhsildən, qabiliyyətdən, istedaddan çox AXC üzvü olmasına diqqət yetirilməsi vəziyyəti daha da ağırlaşdırırdı. Xalq ölkədə tüğyan edən hərc-mərclikdən, AXC-Müsavat iqtidarının yarıtmaz siyasətindən artıq cana doymuşdu.
Həmin vaxt siyasi böhranı getdikcə dərinləşdirən amillərdən biri də iqtidar arasında gedən birincilik davası idi. Heç bir hərbi təhsili və təcrübəsi olmayan AXC-Müsavat cütlüyünün Milli Qəhrəman zirvəsinə qaldırdığı Surət Huseynov öz silahdaşları qarşısında şərt qoymuşdu: Prezident, Ali Sovetin Sədri və Baş Nazir istefa verməlidir. Heç bir hərbi təhsili və təcrübəsi olmayan, ancaq Gəncədə 709 saylı hərbi hissəyə rəhbərlik edən Surət Huseynov tələblərinin həyata keçirilməsində israrlı idi. Əks təqdirdə, həmin şəxslər silah gücünə devrilməli idi. AXC-Müsavat iqtidarının səriştəsizliyi ucbatından müstəqilliyimiz və bütövlükdə, ölkənin taleyi üçün çox ciddi təhdidlər yaranmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik, vəzifə sahiblərinin ambisiyaları o dövrü xarakterizə edən əsas cəhətlər idi. Belə çətin və mürəkkəb dövrdə ovaxtkı iqtidar Gəncəyə silahlı qoşun yeritdi və bununla da qardaş qırğınına rəvac verdi. Həmin qarşıdurmada hər iki tərəf insan tələfatı ilə üzləşdi və hökumət qoşunları məğlub oldu. Artıq Surət Hüseynovun silahlı dəstəsi ətraf rayonları zəbt edə-edə paytaxt Bakıya yaxınlaşırdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yaranmışdı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Yeganə çıxış yolu bu idi. Çünki xalq başa düşürdü ki, ölkəni bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi dövlət idarəçiliyində zəngin təcrübəsi olan, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər. Vəziyyətin son dərəcə gərgin olduğunu görən ziyalılar ulu öndər Heydər Əliyevə müraciət etdi.
“Mən ömrümün qalan hissəsini də bundan sonra xalqıma həsr edəcəyəm”, - deyən dahi rəhbər xalqın səsinə səs verdi. Ulu öndər Heydər Əliyev ona ünvanlanan çoxsaylı müraciətləri, xalqın çağırışını cavabsız qoymadı, iyunun 9-da Bakıya gəldi və dahiyanə bir zəka, möhkəm iradə ilə xilaskarlıq missiyasını yerinə yetirdi. Hər zaman xalqın yanında olan və xalqın arzu-istəklərinin reallaşdırılması üçün öz canını qurban verməyə hazır olan Ulu Öndər 1993-cü il iyunun 9-da muxtar respublikadan Bakıya qayıtmaqla xalqın ölməkdə olan ümidlərini özünə qaytardı. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Məhz milli tariximizin bu unudulmaz günündə xalqımızın ümummilli lideri Heydər Əliyevin ölkə paytaxtına qayıdışı ilə müstəqil dövlətçiliyimiz parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edildi. Müdrik şəxsiyyət parlamentdə çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə tanış olacağını, qardaş qırğınına bais olanların kimliyini öyrənəcəyini bildirdi. Ulu öndər dediyindən dönmədi. Jurnalistləri və ziyalıları ətrafına toplayıb çox riskli və qorxulu səfərini etdi - Gəncəyə getdi. Yerli əhali Ulu Öndəri gül-çiçəklə, əsl xilaskar kimi qarşıladı. Gəncədən qayıtdıqdan sonra isə Ali Sovetin sessiyasında bütün məsələlər açıqlandı, qardaş qırğının günahkarları bəlli oldu.
Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Ulu Öndər siyasi hakimiyyətə qayıdışından dərhal sonra müstəqilliyimizin qorunub möhkəmləndirilməsi üçün ən vacib tədbirlərə əl atdı. Mühüm siyasi-iqtisadi islahatlara başlandı və müstəqil dövlətçiliyin inkişafına problem yaradan daxili və xarici qüvvələrə qarşı kəskin mübarizə aparıldı. Çünki cəmiyyəti sağlam qüvvələr hesabına möhkəmləndirmədən islahatları həyata keçirmək mümkün deyildi. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişi cəhdlərinin qətiyyətlə dəf edilməsi bir həqiqəti sübuta yetirdi: Azərbaycan xalqı öz siyasi liderinin ətrafında sıx birləşib. Ziyalılar, mədəniyyət, elm, incəsənət xadimləri, təsərrüfat işçiləri, sadə insanlar, bir sözlə, hamı Heydər Əliyev dühasına inandı və ümid etdi ki, yalnız belə bir təcrübəli dövlət xadimi müstəqil Azərbaycanı gözlənə bilən bütün təhlükələrdən xilas etməyə qadirdir.
Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il sentyabrın 20-də dünyanın 8 aparıcı ölkəsinin 13 transmilli neft şirkəti ilə “Əsrin müqaviləsi”nin imzalanması adını almış möhtəşəm layihə imzalandı. Bununla da ulu öndər Azərbaycanın bugünkü və gələcək uğurlarının möhkəm bünövrəsini qoydu. Ümummilli liderimizin rəhbərliyi ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının hazırlanması və 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunması tarixi hadisə idi. Müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkənin gələcək inkişafının hüquqi əsaslarını müəyyən etməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxardı. Ümumilikdə, Azərbaycan dünya iqtisadi sistemində öz layiqli yerini tutdu, beynəlxalq təşkilatlarda uğurla təmsil olundu, dünyada etibarlı tərəfdaş kimi tanındı, ikitərəfli və çoxtərəfli münasibətlərini uğurla inkişaf etdirdi.
Ulu Öndərin müdrik daxili və xarici siyasəti nəticəsində hüquqi demokratik dövlət quruculuğu, Milli Ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun yüksəldilməsi sahəsində böyük işlər görüldü. Müdrik şəxsiyyət Heydər Əliyev dünyanın bir çox aparıcı dövlətlərinin rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatlar və işgüzar dairələrlə yüksək səviyyəli rəsmi görüşlər keçirmiş, Azərbaycan həqiqətlərini, dövlətimizin mövqeyini dünyaya çatdırmış, bununla da ölkəmizə diqqət və maraq artıb. Siyasi-iqtisadi əlaqələrimiz genişlənmiş, mühüm müqavilə və sazişlər imzalanmışdır...
Bu gün ölkəmizin hər bir vətəndaşı güclü Azərbaycanla qürur duyur. Ölkəmizin bu yüksəkliyə ucalmasının əsas səbəblərindən biri Heydər Əliyev siyasi kursuna sadiqlikdir. Möhtərəm Prezidentimiz İlham Əliyevin, hər işdə ona arxa-dayaq olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən, xalq millət təəssübkeşliyi, Azərbaycanın dünya birliyinin layiqli üzvünə çevrilməsi yolunda yorulmaz fəaliyyətləri nəticəsində son illərdə dünyada ən yaxşı iqtisadi inkişaf göstəricilərindən biri məhz Azərbaycanda qeydə alınıb. Qlobal reytinq agentliklərinin, ölkəmizin siyasi, mədəni inkişafı, milli iqtisadiyyatımızın durumu və perspektivləri ilə bağlı müsbət rəyləri də bunu təsdiqləyir. Respublikamızın iqtisadi, maliyyə potensialının genişlənməsi ilə paralel şəkildə, beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq, 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və həmin illərdə bu quruma sədrlik edib. Hazırda respublikamız Türk Şurasına, sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına inamla sədrlik edir. Bu da ölkəmizə beynəlxalq miqyasda böyük inam bəslənildiyinin təsdiqidir.
Bütövlükdə, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir, ardıcıl nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir.

Daxili siyasət 2020-06-16 11:30:00