×
A
A
A
Sazlamalar

Ulu öndər Heydər Əliyevin Azərbaycanı qaranlıqdan aydınlığa çıxardığı gün – Milli Qurtuluş Günü

Bakı, 15 iyun, Səadət Hakıyeva, AZƏRTAC
1993-cü il 15 iyun tarixi müstəqil Azərbaycanın, müstəqil dövlətçiliyimizin tarixinə qızıl hərflərlə həkk olundu. Bu tarixi yaradan Azərbaycan xalqının böyük oğlu, dahi şəxsiyyət Heydər Əliyev oldu. Məhz Azərbaycan xalqının təkidli tələblərindən sonra Ulu Öndər Naxçıvandan Bakıya gəldi və Ali Məclisin sədri seçilərək Azərbaycanı qaranlıqdan aydınlığa çıxardı. 15 iyundan cəmi 9 gün sonra, 24 iyun tarixində həm də prezident səlahiyyətlərinin icrasına başlayan böyük şəxsiyyət müstəqil Azərbaycanın yeni tarixini yazdı, yeni mərhələsini, yeni inkişaf, quruculuq dönəmini başlatdı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
Deputat bildirib ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan xalqı böyük bəlalardan qurtuldu. Ölkəmiz parçalanmaq, bölünmək, dağılmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas oldu. 4 iyun hərbi qiyamını, ölkədəki xaosu, anarxiyanı fürsət bilib ölkənin cənubunda "Talış-Muğan Respublikası", ölkənin şimalında "Ləzgistan Respublikası" qurmaq istəyən separatçı, anti-Azərbaycan dairələrin məkrli planlarının qarşısı alındı. Özü də məhz Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi və həmin bölgələrin insanlarının qətiyyəti, Azərbaycana bağlılığı, sevgisi sayəsində bu planlar məğlubiyyətə uğradıldı, onları ssenariləşdirənlərin arzuları birdəfəlik gözlərində qaldı.
Deputat Ulu Öndərin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycanın inkişaf yoluna gedəm qoyduğunu qeyd edib. Bildirib ki, məhz onun sayəsində ölkəmiz dünyada tanınmağa başladı. Əgər həmin ağır dövrdə Heydər Əliyev hakimiyyətə qayıtmasaydı, Azərbaycan xalqının başına dəhşətli faciələr gələcəkdi. Lakin Heydər Əliyevin hakimiyyətə gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan üzləşdiyi böyük bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində əhəmiyyətli işlər həyata keçirilməyə başladı. Həyatını daim Azərbaycana və Azərbaycan xalqına həsr edən Ulu Öndər özünün də qeyd etdiyi kimi, xilaskarlıq missiyasını öz üzərinə götürdü və onu şərəflə, ləyaqətlə yerinə yetirdi. Heç təsadüfi deyil ki, bu gün bütün sahələrdə Ümummilli Liderin əməyi özünü göstərir. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərin həddi-hüdudu yoxdur, lakin onun fəaliyyətinin zirvəsi məhz müstəqil Azərbaycan dövlətini qurmasıdır. Ulu Öndərin qayıdışından sonra siyasi sabitlik bərpa olunmaqla yanaşı, ölkə iqtisadiyyatı da inkişaf yoluna qədəm qoydu. İqtisadiyyat tənəzzül etdiyi bir vaxtda Heydər Əliyev belə bir devizlə çıxış etdi: İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Həmin dövrdə Ulu Öndər Azərbaycanın inkişaf perspektivlərini çox dəqiq şəkildə müəyyənləşdirdi. Heydər Əliyev ölkəmizin gələcəyinin, dövlətimizin inkişafının məhz iqtisadiyyatın inkişafından asılı olduğunu önə çəkirdi. Heydər Əliyev iqtisadiyyatı çox dərindən təhlil etməyi, proqnozlaşdırmağı və bütün potensialları işə salmağı bacarırdı. Bu istiqamətdə də ən önəmli və ən müdrik addımlardan biri uğurlu neft strategiyasına start verilməsi və 1994-cü ilin 20 sentyabr tarixində "Əsrin müqaviləsi"nin imzalanması oldu.
Məhz Heydər Əliyevin qətiyyəti, əzmkarlığı, siyasi iradəsi sayəsində baş tutan "Əsrin müqaviləsi" ilə Azərbaycanın bütün sahələrində inkişafın əsası qoyuldu. Bu gün fəxr və böyük qürur hissi keçiririk ki, Azərbaycan uğurlu neft, enerji siyasəti ilə dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əsas faktorlardan birinə çevrilib.
Müsahibimiz Ümummilli Liderin siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. O deyib ki, dövlətimizin başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən ən güclü və qüdrətli dövlətlərindən birinə çevrilib. Azərbaycan dünyanın milli və dini tolerantlıq mərkəzinə, siyasi, iqtisadi, mədəni, diplomatik, hərbi, humanitar dialoq məkanına çevrilməyi bacarıb.
Bu gün Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin möhkəmləndirilməsi, rifahının yaxşılaşdırılması dövlətin başlıca prioritetlərindəndir. 1993-cü ilin iyununda Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə tənəzzülə son qoyuldu. Ölkənin inkişafı, o cümlədən maddi cəhətdən çox ağır durumda olan insanlarımızın maliyyə imkanlarının sosial rifahının yaxşılaşdırılması istiqamətində bir sıra önəmli addımlar atıldı, proqramlar qəbul edildi. Çox sevindirici haldır ki, bu siyasət Azərbaycan Prezidenti İlham Əliyevin 17 illik hakimiyyəti dövründə də davam etdirilib və etdirilməkdədir.
“Belə misalları artırmaq da olar, amma hər şey göz önündədir. Dünyada müstəqil, demokratik, modern və model bir Azərbaycan var. Bu Azərbaycanın yaradıcısı və qurucusu isə 15 iyun 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıtmaqla Azərbaycanı nura, aydınlığa qərq edən Heydər Əliyevdir. Bir daha bu əlamətdar günlərdə böyük şəxsiyyəti hörmət, ehtiram və minnətdarlıqla yad edir və deyirik ki, nə yaxşı ki, Azərbaycanımız var, nə yaxşı ki, Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev var”.

Daxili siyasət 2020-06-15 10:43:00