×
A
A
A
Sazlamalar

Azərbaycanın dünyaya inteqrasiyası ulu öndər Heydər Əliyevin həyata keçirdiyi islahatlarla bağlıdır

Bakı, 13 iyun, AZƏRTAC
Ulu öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük xidmətlərindən biri Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə daxilində yaranmış xaosu aradan qaldırması oldu. 1993-сü ildə respublikada qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin ölkə daxilində qeyri-sabit və təhlükəli vəziyyət yaratması, Azərbaycana qarşı aparılan kəşfiyyat-pozuculuq fəaliyyətləri - cənub rayonlarında separatçılıq meyillərinin güclənməsi, şimalda “Sadval” təşkilatının məkrli oyunları, Ermənistanın ərazilərimizə təcavüzü ilə əlaqədar aparılan müharibə, iqtisadiyyatın tənəzzülə uğraması Azərbaycanı olduqca çətin bir duruma gətirib çıxarmışdı. Belə bir çətin dövrdə Heydər Əliyev siyasi arenaya qayıdaraq ölkəmizi xaosdan, vətəndaş müharibəsindən, iqtisadi tənəzzüldən xilas etdi, siyasi sabitliyə nail oldu.
AZƏRTAC xəbər verir ki, bu fikirlər BP-nin Azərbaycan–Gürcüstan-Türkiyə regionu üzrə hökumətlə işlər üzrə baş müşaviri Qivami Rəhimlinin məqaləsində yer alıb.
Məqalədə deyilir: “Mən tarixi proseslərdə iştirak edən şəxs kimi ölkəmizin keçdiyi ağır, təlatümlü günlərdə Ulu Öndərin nə qədər böyük vətəndaşlıq mövqeyi göstərdiyinin şahidiyəm. Müstəqil Azərbaycan Respublikasının qarşılaşdığı bu böyük çətinliklərin aradan qaldırılmasının əsas istiqaməti neft və qaz sənayesinin inkişafı ilə bağlı idi. Ölkənin maliyyə vəsaitlərinin məhdudluğu, neft və qaz sənayesinin inkişafı üçün müasir texnologiyaların olmaması xarici neft şirkətlərini bu sahəyə sərmayə qoyuluşuna cəlb etmək zərurətini meydana çıxarmışdı. Azərbaycan bu çətin durumdan çıxmaq üçün dünya neft və qaz sənayesində böyük oyunçuların, xüsusilə də ABŞ, Böyük Britaniya, Norveç, Fransa və Yaponiya kimi dövlətlərin diqqətini cəlb etməyə çalışırdı. Ölkə daxilində sabitliyi qoruyub saxlamaq və iqtisadi inkişafı təmin etmək üçün Heydər Əliyev praqmatik xarici siyasət təqdim etdi və neft bazarının əsas iştirakçıları olan böyük dünya şirkətləri ilə yanaşı, Rusiya, İran kimi güclü qonşu dövlətlərlə də münasibətdə düzgün mövqe seçdi. Heydər Əliyev siyasətinin mərkəzində ABŞ, Avropa İttifaqı və Türkiyə kimi nüfuzlu dövlətlərlə konstruktiv əlaqələr yaratmaq, eləcə də Rusiya və İran kimi güclü qonşularla müdrik tərəfdaşlıq qurmaqla əsas qlobal və regional güclərlə balanslaşdırılmış münasibətlər formalaşdırmaq dayanırdı. Azərbaycanın apardığı çoxvektorlu siyasət ikitərəfli iqtisadi, enerji və hərbi əməkdaşlığa üstünlük verən dövlət strategiyasına çevrildi. Heydər Əliyev aparıcı dövlətlərlə münasibətlərə dair aydın təsəvvürə malik idi və ölkədə yaşanan böhrana baxmayaraq, 1994-cü ildə Xəzər dənizinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli (AÇG) yataqlarının işlənilməsi barədə xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi”ni imzaladı. Azərbaycanın imzaladığı bu çoxmilyardlı layihə keçmiş SSRİ məkanında birinci və ən böyük neft sazişi idi.
Lakin bu müqaviləni imzalamaq üçün Azərbaycan olduqca çətin yollardan keçməli oldu. Ən böyük təzyiqlər qonşu ölkələrdəki bəzi siyasi dairələrdən gəlirdi. İlk növbədə, Rusiya və İran Xəzər dənizinin hüquqi statusu barədə məsələ qaldırıb, onun sərvətinin bütün Xəzəryanı ölkələrə məxsus olduğunu vurğulayır və Xəzərin təbii sərvətlərinin istifadəsinə nəzarət etmək üçün beynəlxalq komitə yaratmaq təklifi ilə çıxış edirdilər. Digər problem Türkmənistanın Azərbaycanın imzaladığı sazişdəki “Azəri” yatağına iddialı olması idi. Rusiyanın o zamanki Xarici İşlər naziri Andrey Kozryev bəyanatlar verərək belə bir müqavilənin həyata keçirilməsinə yol verilməyəcəklərini bildirirdi. Bununla bağlı Rusiya Federasiyası hətta Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə nota verərək bəyan etmişdi ki, Rusiya ilə əvvəlcədən razılaşdırılmamış müqavilələr hüquqi sənəd hesab edilməyəcək.
Bütün bu təzyiqlərə baxmayaraq, Heydər Əliyev Qərb dövlətlərinin və həmçinin Xəzər regionu dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi məkana çevrilən Azərbaycan Respublikasının milli maraqlarının qorunması siyasətini ardıcıllıqla həyata keçirərək, neft sazişi ilə bağlı işləri davam etdirirdi. O, ilk növbədə, Rusiyanın bu müqavilədə iştirakını təmin edərək “Lukoyl” şirkətini bu sazişə qoşulmağa dəvət etdi. Ulu Öndər Rusiya Federasiyası ilə münasibətləri yaxşılaşdırmaq istiqamətində ardıcıl siyasətini davam etdirərək 1997-ci il iyunun 3-də “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqavilə imzalandı.
Digər problemli bir məsələ də qonşu İranın istəyini nəzərə alaraq Rusiya ilə bərabər İranın neft şirkətini də hasilatın pay bölgüsü sazişinə daxil etmək idi. Ulu Öndər çox çətin bir vəziyyətlə üzləşmişdi. İran şirkətinə bu müqavilədə pay verilsəydi, layihədə ABŞ şirkətlərinin iştirakı mümkün olmayacaqdı. Buna səbəb ABŞ qanunları və İrana qarşi sanksiyalarla bağlı Amerika şirkətlərinın İranla işbirliyinin qadağan edilməsi idi. Ulu Öndər Azərbaycanın regional güclərlə balanslaşdırılmış siyasətini nəzərə alaraq İrana digər dünya miqyasli layihədə - “Şahdəniz” qaz layihəsində pay verdi və bu səbəbdən də “Əsrin müqaviləsi”ndə iştirak edən çoxsaylı ABŞ şirkətlərinin 1996-cı ildə imzalanmış “Şahdəniz” layihəsində iştirakı mümkün olmadı.
Göründüyü kimi, Heydər Əliyev bütün bu maneələri dəf edərək, qlobal və regional güclərlə balanslaşdırılmış münasibətlər formalaşdıraraq "Əsrin müqaviləsi"nin reallaşmasi istiqamətində böyük uğurlara imza atdı və dünya ictimaiyyətini yeniləşmiş Azərbaycanla hərtərəfli əməkdaşlığın perspektivli olduğuna inandıra bildi.
“Əsrin müqaviləsi” ölkəmizin gələcək inkişafına və təhlükəsizliyinə etibarlı zəmin yaratdı və cəmiyyətinin bütün sahələrində böyük inkişaf dövrü başladı. Buna səbəb neft gəlirlərindən səmərəli istifadə olunması və ölkəyə böyük həcmlərdə gələn neft pullarının idarə olunması mexanizmi idi.
Neft gəlirlərinin toplanması, postneft dövründə də ölkə əhalisinin yüksək həyat səviyyəsinin təmin edilməsi məqsədilə yaradılmış və özünün müsbət təcrübəsi ilə məşhur olan Norveç Neft Fondu dünyada ən nəhəng maliyyə qurumlarından biri hesab olunur. Heç şübhəsiz ki, Norveç modelinin uğurlu olmasını görən Ulu Öndər Azərbaycanın da bu müsbət təcrübədən bəhrələnərək əsas vəzifə kimi bugünkü və gələcək nəsillərinin mənafeyi naminə neft və qaz sazişlərindən əldə olunan vəsaitin yığılmasını və səmərəli idarə olunmasını təmin etmək üçün Neft Fondu yaratmaq qərarına gəlir. Bununla bağlı Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edildi.
Bu gün biz neft gəlirlərinin toplandığı Fondun fəaliyyətinə nəzər salsaq, onun ölkə əhalisinin maraqları istiqamətində həyata keçirdiyi layihələrin şahidi oluruq və bunu, öz növbəsində, Ulu Öndərin müdrik neft strategiyasının bəhrəsi kimi qiymətləndiririk.
Heydər Əliyev Vətəni Azərbaycanı, onun tarixini, ana dilini sevən böyük bir şəxsiyyət idi. Hələ Sovetlər dövründən qalmış "Kaspmorneft" adlı qazma qurğusunun "Sante-Fe" şirkəti tərəfindən modernləşdirilərək "Dədə Qorqud" adı altında “Əsrin müqaviləsi” çərçivəsində AÇG layihələrində fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə (24 avqust 1996-cı il) iştirak edən Ulu Öndər bunları demişdi: “...mənə Azərbaycan xalqının tarixinə, ənənələrinə və ayrı-ayrı tarixi yerlərə məxsus 10-a qədər cürbəcür adlar təqdim olundu. Təqdim olunan adların hamısı doğrudan da dəyərli idi. Ancaq mən bu qurğuya "Dədə Qorqud" adı verilməsi barədə qərar qəbul etdim. Hesab edirəm ki, hər bir azərbaycanlı üçün bu, müqəddəs və əziz ad, bu qurğu üçün ən dəyərli, görkəmli addır”.
Elə həmin tədbirdə Ulu Öndərin Azərbaycan dili barədə söylədiyi fikirləri də çox ibrətamizdir: “...Müsbət hal bir də ondan ibarətdir ki, bu müştərək işlərin nəticəsində xaricdən gələn mütəxəssislər Azərbaycan dilini, dövlət dilimizi öyrəniblər, mənimsəyiblər.
Cənab Terri Adamsın tərcüməçisi bir il bundan əvvəl tərcümə zamanı ancaq ingilis dilindən rus dilinə tərcümə edirdi və rus dilində danışırdı. Amma bu gün o, Azərbaycan dilində danışır və cənab Terri Adamsın nitqini Azərbaycan dilinə çox gözəl tərcümə edib bizə çatdırdı.
"Sante-Fe" şirkətinin başçısının da öz çıxışının ilk cümlələrini Azərbaycan dilində söyləməsi məni çox sevindirdi. Bunlar hamısı onu göstərir ki, dövlət dilimiz, ana dilimiz - Azərbaycan dili ölkəmizdə hakim dildir. Nəinki azərbaycanlılar, respublikamıza xaricdən gələn qonaqlarımız, dostlarımız, həmkarlarımız da bu dilə hörmət edirlər, bu dili öyrənmək, bu dildə danışmaq istəyirlər. Bu, çox sevindirici haldır. Bu, eyni zamanda, müstəqil respublikamızın əsas atributlarından biri olan Azərbaycan dilinin inkişaf etməsini göstərir”.
İndi geriyə dönüb baxanda, Azərbaycanın dövlət quruculuğu sahəsində Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasətin necə böyük uğur əldə etdiyinin şahidi olursan. 1994-cü ildən başlayaraq həyata keçirilən islahatlar Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasında həlledici rol oynadı. Nüfuzlu beynəlxalq maliyyə təşkilatları və reytinq agentlikləri öz hesabatlarında ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin müsbət nəticələrini qeyd edirlər. Bu da Azərbaycanı dünyada iqtisadi inkişafın uğurlu bir modeli kimi tanıtdırır və ölkəmiz öz iqtisadiyyatını inkişaf etdirmək və sabitliyini möhkəmləndirməklə yanaşı, xarici siyasətdə həssas tarazlığı qoruyub saxlayır.

Daxili siyasət 2020-06-13 12:01:00