×
A
A
A
Sazlamalar

“Azərkosmos” Birləşmiş Ərəb Əmirliklərinin “HorizonSat” şirkəti ilə əməkdaşlıq edəcək

Bakı, 12 iyun, AZƏRTAC 

İyunun 12-də “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin telekommunikasiya, internet və peyk xidmətləri üzrə daha bir aparıcı provayderi olan “HorizonSat” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
ASC-dən AZƏRTAC-a bildirilib ki, bu əməkdaşlığa əsasən, “HorizonSat” şirkəti müştərilərinə Yaxın Şərq və Şimali Afrika regionunda “Azerspace-1” peyki vasitəsilə data xidmətləri təqdim edəcək. “HorizonSat” şirkəti “Azerspace-1” peykinin C-diapazonu ilə özünün teleportları üzərindən daha çox müştəriyə xidmət göstərə biləcək.
“HorizonSat” şirkəti ilə qurduğumuz bu effektiv əməkdaşlığın hər iki tərəf üçün fayda gətirəcəyinə əminik. Bu əməkdaşlıq peyk xidmətləri sahəsində Yaxın Şərq regionunda əhəmiyyətli layihələri reallaşdırmağımıza imkan yaradacaq”, – deyə “Azərkosmos”un baş kommersiya direktoru Mark Qusriye qeyd edib.
“Müştərilərimizə keyfiyyətli peyk xidmətləri təqdim edən “Azərkosmos”la tərəfdaşlığımıza xüsusi önəm veririk. “Azerspace-1” peykinin geniş əhatə zonası və innovativ peyk həlləri müştərilərimizə etibarlı xidmət verməyimizin əsas təminatıdır”, – deyə “HorizonSat” şirkətinin direktoru Mustafa Əl Faruk vurğulayıb.
Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. “Azərkosmos” telekommunikasiya peyki olan “Azerspace-1”, Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” və “Azerspace-2”nin operatorudur.
"HorizonSat" şirkəti Yaxın Şərq, Asiya, Afrika və Avropada peyk xidməti üzrə fəaliyyət göstərən provayderdir.
Şirkətin peyk xidmətlərinə IP telefoniya, genişzolaqlı həllər, özəl və korporativ şəbəkə sistemləri, mobil rabitənin daşınması, media və yayım xidmətləri daxildir. "HorizonSat"ın xüsusi peyk həlləri özəl və dövlət sektorundan olan müştərilər, telekom operatorları, televiziya yayım şirkətləri və internet təchizatçılarının tələblərinə tam cavab verir. "HorizonSat" şirkətinin teleportları yüksək keyfiyyətli anten sistemlərindən ibarətdir. Daha ətraflı məlumatı “www.horizonsat.com” internet səhifəsindən ala bilərsiniz.

İKT 2020-06-12 16:29:00