×
A
A
A
Sazlamalar

AZAL “Skytrax” reytinqində yüksək statusunu bir daha təsdiqləyib

Bakı, 12 iyun, AZƏRTAC

Aviaşirkətlərin və hava limanlarının xidmət keyfiyyətinin aparıcı qiymətləndiricisi olan Britaniyanın “Skytrax” agentliyi, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) xidmət keyfiyyətini bir daha yüksək qiymətləndirərək onu “dördulduzlu aviaşirkət” nüfuzlu statusuna layiq görüb.
AZAL-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aviaşirkət bu nüfuzlu statusa ilk dəfə 2015-ci ildə layiq görülüb və o vaxtdan həmin statusu qoruyub saxlayır.
“Skytrax” ekspertləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən uçuşlar zamanı rahatlıq və xidmət keyfiyyəti baxımından Azərbaycan Hava Yolları qlobal aviasiya bazarında tanınan lider aviaşirkətlərlə eyni səviyyədə qiymətləndirilir.
AZAL-ın prezidenti Cahangir Əsgərov deyib: “Aviaşirkət xidmətlərinin auditi sahəsində bu cür nüfuzlu təşkilat – “Skytrax” tərəfindən fəaliyyətimiz növbəti dəfə yüksək qiymətləndirildiyi üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Bu mühüm nailiyyət və beynəlxalq arenada nüfuzumuzun daha da yüksəlməsi “Azərbaycan Hava Yolları”nın vahid komandasının gərgin əməyinin nəticəsidir. Prezident İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini ayrıca qeyd etmək istərdim. Dövlətimizin başçısının bilavasitə qayğısı və dəstəyi sayəsində AZAL böyük uğurlara imza atıb və növbəti dəfə yüksək nəticələr əldə etməyə nail olub. COVID-19 pandemiyası səbəbindən ümumdünya hava daşımaları sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq müntəzəm uçuşlar yenidən bərpa olunduqdan sonra sərnişinlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi və uçuşların təhlükəsizliyi əvvəlki kimi prioritet məqsədlərimizdən biri olaraq qalacaq”.
“Skytrax” şirkətinin direktoru Edvard Pleysted 4 ulduz mükafatına layiq görülmüş Azərbaycan Hava Yolları haqqında bəhs edərkən qeyd edib: Azərbaycan Hava Yolları aviaşirkəti artıq beşinci ildir ki, “Dördulduzlu aviaşirkət” reytinqini təsdiq edir. Bu, aviaşirkətin bütün xidmət siniflərində, hava gəmisinin göyərtəsində, eləcə də hava limanları ərazisində xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasında öz əksini tapır. Azərbaycan Hava Yolları yalnız 2019-cu ildə deyil, həmçinin 2020-ci ildə də bu sahədə böyük nailiyyətlər əldə edib”.
“Skytrax” tərəfindən aparılan audit zamanı sərnişinlərə göstərilən xidmətlərin səviyyəsi ilə yanaşı, təyyarə salonunun vəziyyəti, quruluşu və təmizliyi, təyyarədəki əyləncələr, ekipajın geyim forması, sərnişinlərə münasibət və işin səmərəliliyi yoxlanılıb. Yoxlamanı həyata keçirən şəxslər, həmçinin “duty free” mağazalarının xidmət səviyyəsinə, bort jurnalının məzmununa, təyyarə yeməklərinin keyfiyyətinə, oturacaqların rahatlığına və digər məqamlara diqqət yetiriblər.
“Skytrax” tərəfindən aparılmış auditin nəticələrinə görə, AZAL-ın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin mayında 5 milyon nəfərədək illik sərnişin axını olan dünyanın hava limanları sırasında ən yaxşı hava limanı seçilib. Xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoyub.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu “Skytrax World Airport Awards” versiyasına əsasən 4 il ardıcıl olaraq bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilib.

Nəqliyyat 2020-06-12 14:38:00