×
A
A
A
Sazlamalar

Cari ildə əsas kapitala 4,9 milyard manat yönəldilib

Bakı, 12 iyun, AZƏRTAC

Yanvar-may aylarında əsas kapitala 4 milyard 907,6 milyon manat, yaxud 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,8 faiz az vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 19,8 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 16,7 faiz azalıb.
İstifadə olunmuş vəsaitin 3 milyard 282,3 milyon manatı və ya 66,9 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 115,5 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 509,8 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 2 milyard 891,6 milyon manatını və ya 58,9 faizini daxili vəsaitlər təşkil edib.
Vəsaitlərin 2 milyard 965,5 milyon manatı və ya 60,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,1 faiz, büdcə vəsaitləri 21,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, digər vəsaitlər isə 2,2 faiz təşkil edib.

Tikinti̇ 2020-06-12 14:24:00