×
A
A
A
Sazlamalar

Gürcüstan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindədir

Bakı, 11 iyun, AZƏRTAC

İyunun 11-də Milli Məclisdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Gürcüstanın ölkəmizdəki səfiri Zurab Pataradze ilə görüş keçiriblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qrupun rəhbəri Arzu Nağıyev ölkələrimiz arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin mühüm rol oynadığını bildirib. O, Gürcüstanla siyasi, iqtisadi, humanitar sahələrdə əməkdaşlığımızın yüksələn xətlə inkişaf etdiyini söyləyib. Deputat ölkələrimiz arasında olan tarixi dostluq münasibətindən danışıb. Strateji tərəfdaşlıq məsələlərinə toxunaraq bildirib ki, mövcud birgə layihələr nəticəsində iki ölkə arasındakı münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Sonra deputat parlamentin qanun yaradıcılığı prosesindən söz açıb, Prezident İlham Əliyev tərəfindən aparılan islahatlardan danışıb. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət acaraq söyləyib ki, torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal olunub. Biz problemin beynəlxalq hüququn normaları çərçivəsində həllinə tərəfdarıq.
Səfir Zurab Pataradze iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışaraq deyib ki, Azərbaycan Gürcüstanın ən böyük investorlarından biridir. Qarşılıqlı səfərlər əlaqələrimizin möhkəmlənməsinə töhfə verir. Gürcüstan gələcəkdə də Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Görüşdə Gürcüstan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Əminə Ağazadə, Məzahir Əfəndiyev, Naqif Həmzəyev, Tural Gəncəliyev ikitərəfli əməkdaşlığın inkişafı barədə fikirlərini bildiriblər.

Daxili siyasət 2020-06-11 15:36:00