×
A
A
A
Sazlamalar

Deputat: Koronavirusla mübarizədə bundan sonrakı uğurlarımız vətəndaşların məsuliyyətindən asılı olacaq

Bakı, 11 iyun, AZƏRTAC

Koronavirus pandemiyası bütün dünyada dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu, eyni zamanda, sosial-iqtisadi sferadan başlamış səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər daha da dərinləşdirdi.
Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, operativ və effektiv tədbirlər görə bilməyən, yaxud görmək imkanları olmayan ölkələrdə koronavirus, sözün tam mənasında, bir fəlakətə çevrildi və təəssüf ki, bu proses hələ də davam edir. Bu müqayisədə bir də Azərbaycan təcrübəsinə baxdıqda, onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. COVID-19 infeksiyası başlayandan bəri ölkəmizdə koronavirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətlərin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqaməti qeyd etməliyik. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları, üçüncüsü isə görülən tədbirlərin doğruluq payının dərəcəsidir. Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyevin iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışında həkim kollektivi ilə görüşü zamanı çıxışında məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronavirusa qarşı mübarizənin nə qədər səmərəli olduğunu göstərdi. Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar COVID-19 pandemiyasının Azərbaycanda yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatını yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı.
“Başqa bir məsələ bu xəstəxanaların inşasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərindən yük bir qədər qalxacaq. Ən mühüm məsələlərdən biri isə koronavirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması hadisəsidir. Bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğurdan da bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümumi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir. Qeyd olunanlarla bərabər əldə etdiyimiz uğurlar bir də müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev çıxışında bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün, bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkələr var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrin ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq. Bu faktlar özlüyündə bir obyektiv qiymətləndirmədir və Azərbaycanda koronavirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınlıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız vətəndaşların məsuliyyətindən asılı olacaq”, - deyə Hikmət Babaoğlu bildirib.

Daxili siyasət 2020-06-11 13:14:00