×
A
A
A
Sazlamalar

Mayda Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında rekord sayda vaqon yuyulub

Bakı, 10 iyun, AZƏRTAC

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-nin tərkibində fəaliyyət göstərən Biləcəri Yuyucu-Buxarlayıcı stansiyasında may ayında rekord sayda çən vaqon yuyulub.
MMC-dən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ərazisində koronavirusun yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində fəaliyyətini quran stansiyada ötən ay 1139 çən vaqonu yuyulub, onlardan 1098-i daxildən, 41-i isə xaricdən təmizlənib. Bu rəqəm, indiyədək 1 ay ərzində stansiyada yuyulan vaqonların sayında rekord göstərici hesab edilir. Bu vaxta qədər ay ərzində yuyulan vaqonların sayı orta hesabla 450-650 arasında dəyişirdi.
Yuyulan vaqonların sayının artması Yuyucu-Buxarlayıcı stansiyada aparılan yenidənqurma işləri nəticəsində tətbiq edilən müasir texnologiyaların sayəsində mümkün olub. Hazırda stansiyada bütün proseslər tam avtomatlaşdırılıb. Ümumiyyətlə isə 5 ayda stansiyada yuyulan çən vaqonlarının sayı 3156 olub. Ötən ilin eyni dövründə bu göstərici 2023 vaqon təşkil edib. Bu isə hazırda yuyulan çən vaqonlarının sayında 35 faiz artım olduğunu göstərir.
Regionda yeganə bu cür stansiya olan Biləcəri Yuyucu-Buxarlayıcı stansiyası neft və neft məhsullarının daşınmasında strateji əhəmiyyətə malikdir. Belə ki, çən vaqonlarında neft və yanar qazların qalıqlarının təmizlənməsi, bu cür yüklərin dəmir yolu vasitəsilə daşınmasının əsas təhlükəsizlik tədbirlərindən sayılır. Bununla stansiya Azərbaycan dəmir yollarında neft və neft məhsullarının daşınması prosesinin, təhlükəsiz həyata keçirilməsinə öz töhfəsini vermiş olur.

Nəqliyyat 2020-06-10 10:49:00