Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Avropa Şurası Azərbaycanın inkişafını gözü götürməyənlərin sifarişini yerinə yetirir

Bakı, 8 iyun, AZƏRTAC

SSRİ-nin süqutundan sonra müstəqilliyini bərpa etmiş postsovet dövlətləri arasında bu gün dünya birliyində Azərbaycanın daha çox nüfuz qazandığı, mövqeyini möhkəmləndirdiyi, əlaqələrini genişləndirdiyi beynəlxalq aləmdə də etiraf olunur. Hazırda ölkəmiz heç bir dövlətdən asılı olmayaraq müstəqil siyasət yeridir, əməkdaşlığını daha da genişləndirir və dünya birliyinə inteqrasiya olunur. Son illər bir sıra nüfuzlu reytinq agentliklərinin keçirdikləri rəy sorğularının nəticələri də Azərbaycanın sürətlə inkişaf edən dövlətlər sırasında olduğunu təsdiqləyir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı sədrinin müavini, politoloq Mehman İsmayılov bildirib.
M.İsmayılov qeyd edib ki, qısa müstəqillik tarixində AŞPA-nın Nazirlər Komitəsinə, BMT Təhlükəsizlik Şurasına iki dəfə, 120 dövləti özündə birləşdirən Qoşulmama Hərəkatına, Türk Şurasına sədrlik etməsi respublikamızın dünya birliyində artan nüfuzunun göstəricisidir. Azərbaycan artıq kosmik ailənin üzvüdür. Bütün bunlar qüdrətli iqtisadiyyata malik ölkələrə nəsib olur. Azərbaycan məhz belə dövlətlərdəndir.
Təbii ki, qısa müstəqillik tarixində bir-birindən yaddaqalan uğurlar qazanmış ölkəmizin bu inkişafını həzm edə bilməyən anti-Azərbaycan qüvvələrin ciddi narahatlıq keçirmələri, müxtəlif böhtan və iftiralarla, həmçinin yalanla dolu hesabatlar hazırlamaları, ikili standartları özlərinin peşə fəaliyyətinə çevirmələri başa düşüləndir. Zaman-zaman biz bunun şahidi olmuşuq. Təəssüf ki, kimlərinsə sifarişlərini icra edən beynəlxalq qurumlar sırasına artıq Avropa Şurası da qoşulub. Ona görə təəssüf edirik ki, bu qurumun təsis olunduğu gün dünənə, bu günə təsadüf etmir. Eyni zamanda, özünü demokratiyanın tərəfdarı, insan hüquq və azadlıqlarının müdafiəçisi kimi təqdim edir. Fəaliyyəti isə bunların tam əksidir. Bunu ikili standart “xəstəliyi”ndən hələ də xilas ola bilməməsi də təsdiqləyir.
2001-ci il yanvarın 17-də Avropa Şurasına eyni gündə üzvlüyə qəbul olunan zaman Azərbaycan və Ermənistan Avropa Şurası qarşısında bir sıra öhdəliklər götürmüşlər. Həmin öhdəliklərin biri də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olmuşdu. Xüsusilə, vurğulanmalıdır ki, həmin öhdəliklərin həyata keçirilməsi ilə bağlı monitorinqi Avropa Şurası həyata keçirir. Aydındır ki, münaqişə məsələsinə dair fikir bildirmək elə həmməruzəçilərin birbaşa mandatına daxildir. Həmin vaxtdan başlayaraq, Azərbaycan hər zaman Avropa Şurası qarşısında götürdüyü öhdəlikləri yerinə yetirib. Bəs Ermənistan necə? Bu ölkə 2001- ci ildən indiyədək öhdəliklərinin birini də yerinə yetirməyib. Əksinə, ildən-ilə daha aqressiv olur, atəşkəs rejimini pozur, günahsız insanları qətlə yetirir, sərhədboyu ərazilərdə təxribatlar törədir, işğal etdiyi ərazilərdə saxta seçkilər keçirir. Nədənsə, Avropa Şurası bu ədalətsizliyə göz yumur, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyə susqunluq nümayiş etdirir. Ancaq Azərbaycanı tənqid etmək, beynəlxalq aləmdə haqqımızda mənfi rəy formalaşdırmaq üçün “milçəkdən fil düzəltməyə” çalışır, erməni lobbisinin sifarişi ilə yalanla dolu hesabatlar hazırlayır.
Prezident İlham Əliyev bir neçə gün öncə Tərtər və Ağcabədi rayonlarına səfəri zamanı Tərtər rayonunda Olimpiya İdman Kompleksinin açılışı zamanı idmançılarla görüşü zamanı da Avropa Şurasının, AŞPA-nın anti-Azərbaycan fəaliyyətindən, bu qurumların ölkəmizin inkişafını gözü götürməyənlərin sifarişini yerinə yetirdiyini diqqətə çatdırdı . Dövlətimizin başçısı bu ilin mart ayında şouların təşkili üzrə peşəkar olan işğalçı Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “prezident və parlament seçkiləri” keçirildiyini xatırlatdı. Bildirdi ki, həmin “seçkilər” beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq rədd edildi. Qeyd etdi ki, dünyanın aparıcı və mötəbər təşkilatları və bir sıra ölkələr Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünə və suverenliyinə dəstəklərini ifadə etməklə yanaşı, qondarma “seçkiləri” tanımadılar. Lakin Azərbaycanı tənqid eləmək üçün ən kiçik fürsətdən belə yararlanmağa çalışan AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Stefan Şennak və Roger Qey bu məsələdə indiyədək qəribə səssizlik nümayiş etdirirlər. Göründüyü kimi, qərəz və kin yuvası olan AŞPA bir daha mötəbər olmağı bacarmadı. Əksər beynəlxalq təşkilatlar və inkişaf etmiş dövlətlər Dağlıq Qarabağda keçirilən saxta seçkilərin nəticələrini tanımadıqlarını bəyan etsələr də, Avropa Şurası bu günə qədər hələ də susur. Halbuki, münaqişənin nizamlanmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə daim dəstək verəcəyini bəyan edir. Görəsən, bu siyasi riyakarlıq nə vaxta qədər davam edəcək?
Bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Elə buna görə də dünyanın ən nüfuzlu beynəlxalq tədbirlərini ölkəmizdə keçirməyə üstünlük verirlər. Halbuki, hazırda dünyanın inkişaf etmiş qüdrətli dövlətlərində qarşıdurmalar, münaqişələr, insan ölümü səngimək bilmir. Məsələn, Fransada aylarla davam edən “sarı jiletlilər”lə polis qarşıdurmasında yüzlərlə günahsız insanın həbsi, bu zorakılığın qurbanları, dağıntılar və digər pozucu hadisələr barəsində Avropa Şurası səsini qaldırdımı? Xeyr! ABŞ-ın Minneapolis şəhərində “Nəfəs ala bilmirəm” - deyə inildəyən silahsız qaradərili Corc Floydun ölümü ilə əlaqədar bəyanat verildimi? Hazırda bu məsələ ilə əlaqədar kütləvi iğtişaşlar səngimək bilməsə də, Avropa Şurası bir küncə qısılaraq heç nə “eşitmir” və heç nə “görmür”.
ABŞ-ın Minneapolis şəhərində baş verən hadisələrə baxanda sanki hansısa qorxulu bir filmə baxdığını düşünürsən. Ancaq bütün bunlar film deyil, beynəlxalq ictimaiyyətin gözləri qarşısında baş verir. Heç kimə sirr deyil ki, ABŞ-da qaradərililərə qarşı sistematik hal almış ayrı-seçkilik mövcuddur. Mayın 26-dan başlamış iğtişaşlar zamanı 11 mindən çox insan həbs olunub, 16-dan çox isə həyatını itirib. Hadisələr zamanı internetdə jurnalistlərin xəsarət alması ilə bağlı da kifayət qədər materiallar mövcuddur. Aksiyalar zamanı biz, habelə lüzumsuz yerə hədsiz dərəcədə güc tətbiqinin də şahidi olduq. Lakin ölkəmizi tənqid etməyə vərdiş etmiş qüvvələr , xüsusilə Avropa Şurası və AŞPA, nədənsə, həmin hadisələri görməzliyə vurur, Azərbaycanda kiminsə kiməsə bir çırtma vurmasını axtarırlar. Təbii ki, bu işlərdə yerli satqınların və xəyanətkarların da “fəaliyyətləri” qeyd edilməlidir.
Artıq beynəlxalq ictimaiyyətə də bəllidir ki, son vaxtlar Avropa Şurası Parlament Assambleyası (AŞPA) tamamilə nüfuzdan düşmüş bir quruma çevrilib. Bunun əsas səbəblərindən biri hadisələrə obyektiv münasibət göstərməməsi, ayrı-seçkilik etməsi və ikili standartlardan əl çəkə bilməməsidir. Görünür, həm Avropa Şurası, həm də AŞPA məhz Azərbaycanın hesabına özünə reytinq yığmağa çalışır və bu yolla, guya, insan hüquq və azadlıqlarının müdafiəçisi olduğunu sübut etmək istəyirlər. Bəs Ermənistan silahlı qüvvələri tərəfindən isti ocaqlarından didərgin salınmış bir milyondan artıq soydaşımızın pozulmuş hüququnu niyə müdafiə etmirlər? Çünki Avropa Şurası erməni lobbisinin əlində oyuncağa çevrilib və siyasi sifarişləri icra edir.

Daxili siyasət 2020-06-08 17:00:00