×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümü ilə əlaqədar Kiyevdə dəyirmi masa keçirilib

Kiyev, 6 iyun, AZƏRTAC

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümü ilə əlaqədar Kiyev şəhərində dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçirilən dəyirmi masada Ukrayna Ali Radasının deputatları Sergey Taruta, Andrey Nikolenko, Svetaslav Yuraş, Vadim Struneviç, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Kamal Xəlilov, diaspor nümayəndələri və ziyalılar iştirak ediblər.
Azərbaycan və Ukrayna dövlətləri, xalqları arasında tarixi dostluq münasibətlərinin olduğunu deyən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev bildirib ki, hələ 1918-1920-ci illərdə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda fəaliyyət göstərən 16 xarici dövlətin diplomatik missiyaları arasında Ukraynanın da nümayəndəliyi olub. O cümlədən Ukraynada Azərbaycanın səfiri fəaliyyət göstərib. Hər iki ölkə tarixin bütün dövrlərində bir-birinə dayaq durub, xalqlarımız arasında qardaşlıq, dostluq münasibətləri olub. Bu gün də bu münasibətlər uğurla davam etdirilir. Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəni və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur.
Ulu öndər Heydər Əliyevin Azərbaycan və Ukrayna münasibətlərinin memarı və qurucusu olduğunu qeyd edən diplomat K.Xəlilov bildirib ki, bu gün də iki ölkə arasında tarixi münasibətlər inkişaf edir. Ukrayna-Azərbaycanın dövlətlərarası münasibətlərinin tarixi 1919-cu ildən başlayır. Həmin il fevralın 8-də Ukraynanın Azərbaycandakı xüsusi diplomatik missiyasının başçısı İvan Kraskovski etimadnaməsini Azərbaycan Nazirlər Şurasının sədri Fətəli Xan Xoyskiyə təqdim etmişdir. Ötən 100 ildə ölkələrimiz bir çox çətinliklərlə üzləşdilər, böyük uğurlara sevindilər, lakin hər zaman dostluq və iki müstəqil dövlətə qarşılıqlı hörmət prinsiplərinə sadiq qaldılar. Bu gün də hər iki ölkənin prezidentlərinin iradəsi ilə münasibətlərimiz inkişaf edir.
Sonra deputatlar Sergey Taruta, Andrey Nikolenko, Svetaslav Yuraş çıxış edərək tarixən iki ölkə arasında münasibətlərin səmimiyyətə, dostluğa söykəndiyini vurğulayıblar. Qeyd ediblər ki, bu gün də Azərbaycan və Ukrayna parlamentləri arasında sıx və səmimi əməkdaşlıq mövcuddur, deputatlar beynəlxalq təşkilatlarda bir-birilərinə dəstəklərini əsirgəmirlər. Ali Radanın deputatları bu münasibətlərin bundan sonra da inkişaf edəcəyinə ümidvar olduqlarını bildiriblər.
Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev tədbirə onlayn qoşularaq Azərbaycan-Ukrayna dostluq əlaqələrindən danışıb, hər iki ölkə deputatlarının qarşılıqlı səfərlərinin münasibətlərin inkişafına töhfə verdiyini vurğulayıb.
Daha sonra Azərbaycan ziyalıları Arif Quliyev, Fərhad Turanlı, diaspor fəalları Hacı Əbülfəz Qasımov, Fazil Əsgərov çıxış edərək iki ölkə arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən danışıblar.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Siyasət 2020-06-06 11:27:00