×
A
A
A
Sazlamalar

“Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları” mövzusunda vebinar keçirilib

Bakı, 6 iyun, AZƏRTAC
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və “Helind” şirkətinin təşəbbüsü ilə mərkəzin təhsilalanları üçün “Alternativ enerji mənbələri və bu sahədə karyera imkanları” mövzusunda maarifləndirici vebinar keçirilib.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, vebinar xüsusi karantin rejimi dövründə avtomatika və elektrotexnika ixtisasları üzrə təhsilalanlar üçün alternativ enerji mənbəyi sahəsində istifadə edilən texnologiya və cihazlar haqqında müzakirələr aparmaq məqsədilə təşkil olunub.
Vebinarda təşkilatçılar enerji mənbələrinin istehsalında istifadə olunan texnologiyalar barədə təqdimatlarla çıxış ediblər. “Helind” şirkətinin icraçı direktoru Tamerlan Quliyev bildirib ki, hazırda ənənəvi enerji mənbəyi kimi karbohidrogen ehtiyatlarının məhdudluğu və ətraf mühitin çirklənməsinin qarşısının alınması dünyada alternativ və bərpa olunan enerji mənbələri hesabına istehsal edilən enerjinin həcminin artırılmasını zəruri edir. Bu istiqamət üzrə görülən işlərin genişlənməsi səbəbindən bir sıra ixtisaslı kadrlara ehtiyac yaranır. O, mərkəzin təhsilalanları üçün gələcək karyera seçimi ilə bağlı tövsiyələri də diqqətə çatdırıb.
Vebinarda iştirakçılar tərəfindən ünvanlanan suallar cavablandırılıb.
Qeyd edək ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən şirkətlərlə birgə digər sahələr üzrə də vebinarların təşkili nəzərdə tutulur.

Elm və təhsil 2020-06-06 11:06:00