×
A
A
A
Sazlamalar

Politoloq: Bəzi qüvvələrin əlində alətə çevrilmiş AŞPA-nın Azərbaycana qarşı qərəzli mövqeyi qəbuledilməzdir

Bakı, 6 iyun, Səadət Hakıyeva, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa ölkələrinin əksəriyyəti ilə münasibətlərin tənzimlənməsində və dostluq əlaqələrinin möhkəmlənməsində stabil siyasət həyata keçirir. Hər birimiz Avropa ölkələri ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyinin şahidiyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elxan Ələsgərov deyib.
Ekspert bildirib ki, hazırda Azərbaycanın İtaliya, Fransa, Almaniya, Böyük Britaniya və digər Avropa ölkələri ilə münasibətləri tarazlaşdırılmış şəkildə inkişaf edir. Fransada mövcud olan güclü erməni lobbisi də bu ölkə ilə Azərbaycan arasında münasibətlərin inkişafına xələl gətirə bilməyib. Qondarma “Dağlıq Qarabağ respublikası”nın Berlinə səfər etmiş “nümayəndə heyəti”nin Almaniya hökuməti tərəfindən qovulması nə deməkdir? Bu, Almaniyanın açıq şəkildə Azərbaycanın müstəqil siyasətini dəstəkləməsi və onun ərazi bütövlüyünü tanıması deməkdir. Bütün bunlar müstəqil daxili və xarici siyasət yürüdən Azərbaycanın uğurlarını əks etdirir.
“Təəssüflə qeyd etməliyəm ki, Avropada Azərbaycanın uğurunu gözü götürməyən bəzi dairələr də var. Məsələn, Avropa Şurası Parlament Assambleyası ölkəmizə qarşı münasibətdə ikili standartlar irəli sürür, qərəzli mövqe nümayiş etdirir. AŞPA-nın əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirməkdir. AŞPA bürokratik bir qurumdur və burada toplaşan deputatların əksəriyyətini heç öz ölkələrində tanımırlar. AŞPA-dakılar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xarici siyasətində həssas mövzu olduğunu bilərək daim qərəzli mövqe nümayiş etdirirlər. Ermənistan nümayəndə heyətinin AŞPA-dakı üzvləri zaman-zaman Azərbaycana qarşı nifrət dolu çıxışlar edir, ölkəmizi tamamilə qəbulolunmaz formada ittiham edirlər və həmin qurum da onları dəstəkləyir.
AŞPA-nın bir qurum kimi konkret heç bir dövlətin maraqlarını ifadə etmədiyini vurğulayan siyasi ekspert deyib: “Avropa Şurası Parlament Assambleyası heç Avropanın özündə belə nüfuza malik deyil və nominal funksiya daşıyan bir qurumdur. Bəzi qüvvələrin əlində alətə çevrilmiş AŞPA öz ölkələrində nüfuza malik olmayan deputatların yığınıdır və onlar istəmirlər ki, Azərbaycan öz müstəqil siyasəti və uğurları ilə irəli getsin. Bu, açıq-aşkar Azərbaycana qarşı paxıllıqdır, ölkəmizin uğurlarını gözü götürməməkdir. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, AŞPA tərəfindən qəbul edilən qətnamələrin heç bir hüquqi əsası yoxdur və kağız parçasından başqa bir şey deyil”.
Elxan Ələsgərov bildirib ki, AŞPA-dakı bəzi dairələr erməni lobbisinin və digər qüvvələrin apardıqları qatı anti-Azərbaycan kampaniyası ilə ölkəmizi öz yolundan döndərə bilməyəcəklər. Otuz ilə yaxındır ki, müstəqillik yolunda inamla irəliləyən Azərbaycan dünyada artıq nüfuz sahibidir. Ölkəmiz uğurlu xarici siyasət yürütməklə dünyada təhlükəsizliyə və sabitliyə töhfə verməklə yanaşı, mühüm enerji və infrastruktur layihələri ilə regionun və Avropanın enerji təhlükəsizliyinin və davamlı inkişafının təminatçısı rolunda çıxış edir.

Siyasət 2020-06-06 10:32:00