×
A
A
A
Sazlamalar

Kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri istifadəyə verilib

Naxçıvan, 5 iyun, AZƏRTAC

Naxçıvan Şəhər Sanitar Təmizlik İdarəsinə, eləcə də müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə kommunal təyinatlı bir sıra nəqliyyat vasitələri verilib.
AZƏRTAC-ın Naxçıvan bürosu Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, 14 nəqliyyat vasitəsindən 5-i bərk tullantıların daşınması üçün “Kamaz”, 6-sı məişət tullantılarının daşınması üçün, 3-ü isə digər kommunal təyinatlı texniki nəqliyyat vasitəsidir.
Naxçıvan Muxtar Respublikasının Baş Naziri Səbuhi Məmmədov bu münasibətlə keçirilən tədbirdə bildirib ki, aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri bütün yaşayış məntəqələrinə müasir görünüş verib. Bu abadlığın və ən əsası səliqə-sahmanın qorunması isə başlıca vəzifələrdəndir. Məhz buna görə də kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılması üçün məqsədyönlü işlər görülür. Bu istiqamətdə həyata keçirilən tədbirlərin əsas məqsədi əhaliyə göstərilən xidmətin səviyyəsini daha da yüksəltməkdən ibarətdir. Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə, müvafiq rayon kommunal müəssisələrinin və bələdiyyələrin istifadəsinə nəqliyyat vasitələrinin verilməsi də belə silsilə tədbirlərin davamıdır.
Səbuhi Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən kommunal müəssisələrin, bələdiyyələrin, yerli icra orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, 2017-ci ilin əvvəlindən etibarən kənd yaşayış məntəqələrində məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsinə başlanılıb və bu layihə uğurla davam etdirilir. Muxtar respublikada pandemiyanın az hiss edilməsinin səbəblərindən biri də, məhz vaxtında gigiyenik qaydalara tam əməl olunması, binaların zirzəmilərinin daim təmiz saxlanılması, məişət tullantılarının məhvi və bu istiqamətdə digər qabaqlayıcı tədbirlərin yüksək səviyyədə təşkili ilə əlaqədardır.
Göstərilən qayğının nəticəsidir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq tapşırıqlarına uyğun olaraq yeni alınan 5 ədəd “Kamaz” markalı nəqliyyat vasitəsinin dəyərinin ödənilməsi üçün ümumilikdə 627 min 760 manat vəsait ayrılıb. Qeyd edək ki, Naxçıvan Şəhər Sanitar-Təmizlik İdarəsinə verilən həmin nəqliyyat vasitələri 2020-ci il istehsalı olmaqla, müasirtipli texniki avadanlıqlara təchiz edilib. Yeni istifadəyə verilən “Kamaz” tipli nəqliyyat vasitələrinin 3-ü 14 m³, 2-si isə 10 m³ yükgötürmə qabiliyyətlidir.
Tədbirdə Şərur Rayon Kommunal Müəssisələr Kombinatına 2 kommunal təyinatlı texniki nəqliyyat vasitəsi, Babək Rayon Kommunal Müəssisələr Kombinatına 1 texniki təyinatlı nəqliyyat vasitəsi, eləcə də rayonun Nehrəm və Cəhri bələdiyyələrinin hər birinə 1 ədəd olmaqla, məişət tullantısı daşıyan, Ordubad Rayon Kommunal Müəssisələr Kombinatına 1 məişət tullantısı daşıyan, Culfa Rayon Kommunal Müəssisələr Kombinatına və rayonun Yaycı bələdiyyəsinə, həmçinin Şahbuz Rayon Kommunal Müəssisələr Kombinatına ayrılıqda 1 məişət tullantısı daşıyan nəqliyyat vasitələri verilib.
Muxtar respublikanın Baş Naziri təqdim edilən nəqliyyat vasitələrindən istifadənin işin keyfiyyətinin daha da yüksəlməsinə təsir edəcəyini bildirib, dövlətimizin göstərdiyi qayğıdan lazımınca yararlanmağı tövsiyə edib, kollektivə uğurlar arzulayıb.

Regionlar 2020-06-05 19:09:00