×
A
A
A
Sazlamalar

Siyasi bloqer həmlələri

Bakı, 5 iyun, AZƏRTAC 

“Dünya COVID-19 pandemiyası ilə əlaqədar elə bir iqtisadi uçurumla qarşılaşıb ki, bunun mənfi təsiri qlobal siyasətdə və həmçinin bir çox ölkələrin daxilindəki siyasi proseslərdə özünü büruzə verəcəkdir. Ölkələrdə iqtisadi problemlərin meydana çıxması ilə müxalif qüvvələrin fəallaşması amili bir-biri ilə düz mütənasibdir”.
Tanınmış müstəqil siyasi ekspert Elxan Tağıyevin “Siyasi bloqer həmlələri” sərlövhəli məqaləsi bu fikirlərlə başlayır.
AZƏRTAC məqaləni təqdim edir.
Hazırda “YouTube” videohostinqinə video yerləşdirən bir çox siyasi müxalifətçinin kontenti mədəni davranış normalarından uzaqdır və bu bloqerlər qeyri-etik leksikanı özləri üçün bədii norma kimi qəbul ediblər. “Google” axtarış sisteminə daxil olsaq, maraqlı bir məqamın şahidi olacağıq. Çox sayda “dövlətin KİV-lərə həmlələri”, “dövlətin bloqerlərə həmlələri”, “KİV-lərin dövlətə həmlələri” ifadələrinə rast gələrik. Ancaq “siyasi bloqer həmlələri“ ifadəsinə nə Azərbaycan, nə də rus dillərində rast gəlmək mümkün deyil.
Azərbaycanlı bloqerləri şərti olaraq iki qrupa ayırmaq olar: qeyri-normativ leksikadan istifadə edən və siyasi polemikanı bayağı səviyyəyə endirən bloqerlər və etik normalara riayət etməyə çalışan ziyalı zümrəsinin nümayəndələri. Birinci qrup əksər hallarda çıxışlarına aramla, istehzaedici tərzdə başlayır və təqribən 5-10 dəqiqə sonra bloqerlərdə psixoloji tarazlıq ani olaraq güclü energetik sıçrayışla əvəz olunur. Ən rüsvayçı söyüşlər, hədə-qorxu, güllələmə ilə təhdidlər çıxışların məhz ikinci fazasında başlayır. Ziyalı zümrəsindən olan mühacirlər canlı yayımdakı müzakirələrinə ancaq öz “kasta” nümayəndələrini dəvət edirlər. Aqressiv çıxışlar edən, kontentlərində söyüşün norma halı aldığı bloqerlərin isə öz ünsiyyət dairəsi formalaşmışdır.
Yaxın aylaradək bloqerlər hakimiyyəti korrupsiya ilə mübarizə aparmamaqda və ancaq kiçik ranqlıları korrupsiya əməllərinə görə həbs etməkdə suçlayırdılar. Birinci icra başçısı həbs edildikdə, bunu “gözə kül üfürmək” kimi qələmə verdilər. Daha sonra bir sıra icra hakimiyyətləri başçıları və onların müavinləri həbs olundu və işdən kənarlaşdırıldı. Nazir və müavinlərinin işdən azad edilmələri silsilə halı aldıqda, aqressiv bloqerlərin çıxışlarında “sarı” mətbuat mövzuları irəli çıxdı. Məlumdur ki, bütün ölkələrdə insanlar emosiyanı artıran qaynar şayiələrə, ailə məsələlərinə və pünhan incəliklərə daha çox maraq göstərir. Ona görə bu qəbildən olan xəbərlərdən trafikin artırılması üçün geniş istifadə olunur. Beynəlxalq İSA təşkilatının “Sociological assosiation” jurnalı “Twitter” nümunəsində elmi yanaşma üsulu ilə sübut edib ki, həqiqəti əks etdirən məlumat feyk xəbərlərə, əsassız məlumata nisbətən az izləyici cəlb edir. Bu səbəbə görə, bloqerlərin yazılarının başlıqlarının demək olar ki, hamısı sensasiya tərzindədir.
Bir müddət əvvəl nə üçün söyüşdən geniş istifadə etdiklərinə açıqlama verərək söylədilər: “hakimiyyətlə ancaq belə danışmaq lazımdır”. Dünya siyasi xəritəsində 200-dən artıq dövlət vardır və təbii ki, bu dövlətlərdə müxalifət də mövcuddur. Sual olunur: məgər siyasi mübarizədə küçə söyüşü “bayrağını” məhz biz azərbaycanlılar qaldırmalıyıq? Təmkinli siyasi dilin kəsəri qarşısında söyüş ritorikası gücsüzdür. Bu, sadəcə, bir siyasət əlifbasıdır. Əfsuslar olsun ki, bu mövzuda onlarla debata girsək də, bir-birimizi anlamayacağıq və hər tərəf öz mövqeyində qalacaq. Çünki söyüş və təhqiramiz sözlər olan yerdə siyasi mövzuda polemika öz mənasını tamamilə itirir.
Bloqerlər hakimiyyətə qarşı itaətsizlik çağırışlarında - “xalqımız döyüşkəndir, mübarizdir!” ifadələrini işlədirlər ki, vətəndaşları inqilabi ehtizas halına gətirsinlər. Cəmiyyətdən gözlənilən reaksiya gəlmədikdə isə, qəzəblərini gizlədə bilməyərək, - “xalqımızın 90 faizi qorxaqdır!” ifadəsini tez-tez işlədirlər. Çox qəribədir - onların deməyinə görə biz azərbaycanlıların 90 faizi qorxaq-döyüşkənlərdən ibarətdir!)
Ciddiyyətə qaldıqda isə, müharibə şəraitində olan Azərbaycanın bir dövlət kimi ərazi bütövlüyünə, təhlükəsizliyinə xələl gətirə biləcək hərbçilərə yönəlmiş çağırışlar, artıq son dərəcə təhlükəli cinayət əməlidir. Bu nədir? Siyasi savadsızlıq, yoxsa düşünülmüş şəkildə “siyasətdə bütün üsullar qəbulediləndir” prinsipi ilə hərəkət edərək silahlı qüvvələrin idarəetmə sisteminə məqsədləri naminə zərbə vurmaq cəhdi? Qarabağ döyüşləri zamanı başımıza gəldi. Nə oldu?! Vətənə dönük çıxanlardan biri – Ə.Hümbətov bu gün haradadır və Azərbaycana qarşı hansı təbliğatı aparır. Ritorik sualdir.
Bəzi bloqerlər daha bir təhlükəli yola qədəm qoymağa başlayıblar. Bu yolun adı ksenofobiyadır. 2017-ci ilin avqustunda BMT-nin Baş katibi Antonio Quterreş “Twitter” səhifəsində yazıb: “Rasizm, ksenofobiya, antisemitizm və islamofobiya cəmiyyətimizi zəhərləyir. Biz onlara qarşı mübarizə aparmalıyıq. Hər bir zaman və hər bir yerdə”. Söhbət ondan gedir ki, may ayında da bloqerlər kontentlərində bir neçə dəfə Azərbaycan cəmiyyətində bölgələrarası nifaq sala biləcək ifadələr işlədiblər, həmçinin ölkədə milli zəmində düşmənçilik yarada biləcək fikirlər söyləyiblər. Türkdilli ölkə olan Qırğızıstanın yaxın tarixi - 2010-cu ildə Oş şəhərində baş verən qanlı qırğız-özbək silahlı toqquşmaları dərs olmadımı? Kim bizi inandıra bilər ki, həmin bu bloqerlərin Ermənistan və bir sıra dövlətlərin xüsusi orqanlarının Azərbaycanda milli zəmində düşmənçilik yaratmaq layihələrindən xəbərləri yoxdur? KİV-də bu haqda geniş məlumatlar vardır. Bloqerlərin ksenofobiyayönümlü qan qoxusu gələn fikirlərini də ifrat emosionallıq, siyasi savadsızlıqmı sanaq, yoxsa düşünülmüş addım kimi qiymətləndirək? Hər halda, heç şübhəsiz ki, bağışlanılmazdır. Hələ ki, gec deyil, bu yoldan çəkinmək lazımdır. Bu isə böyük sual altındadır!
Elxan Tağıyev
müstəqil siyasi ekspert

Siyasət 2020-06-05 17:41:00