×
A
A
A
Sazlamalar

“Yaşıl yanacaq” Avropa İttifaqında yenidən gündəmə gəlir

Berlin, 5 iyun, AZƏRTAC

Qlobal istiləşməyə qarşı güclənən mübarizə şəraitində zərərsiz enerji mənbələrinə tələbat əhəmiyyətli dərəcədə artıb. Məlum olduğu kimi onlardan biri də hidrogendir.
AZƏRTAC xəbər verir ki, maya dəyərinin nisbətən bahalı olmasına baxmayaraq artıq Yaponiya, Cənubi Koreya və Çində hidrogenin sudan alınmasına çəkilən xərclərin azaldılması istiqamətində işlər aparılır. Bu texnologiyalar Almaniyanı da çoxdan maraqlandırır. Daha dəqiq desək, bəzən hidrogen adlandırılan bu "yaşıl yanacaq" məktəbdə kimya dərslərində keçdiyimiz elektroliz üsulu ilə adi sudan alınır.
Məhz buna görə, Avropa İttifaqında son vaxtlar hidrogen və hidrogen iqtisadiyyatı haqqında daha çox danışılır. Ötən il burada ənənəvi enerji mənbələri əvəzinə hidrogendən – təbii karbohidrogendən istifadə etmək üzrə tədqiqatlar aparılıb. Lakin pandemiya, xüsusən də neft və kömür qiymətlərinin aşağı düşməsi səbəbindən “yaşıl enerji” mövzusu bu gün arxa plana keçib. Hazırda məhdudlaşdırıcı tədbirlərin bir qədər yumşaldılması fonunda bu mövzu yenidən gündəmə qayıdır. Bu baxımdan Qreta Tunberqin yaxın zamanlarda koronavirus mövzusunu Avropa KİV-lərinin səhifələrindən çıxaracağı istisna olunmur.
Xatırladaq ki, hidrogenin sənaye üsulu ilə alınması və ondan istifadə üzrə tədqiqatlar SOCAR-ın sponsorluğu ilə Azərbaycanda da aparılır. Bu da, təbii ki, ölkə rəhbərliyinin bərpa olunan zərərsiz enerji mənbələrinə xüsusi diqqət göstərməsini əks etdirir.

 

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

İqtisadiyyat 2020-06-05 14:38:00