×
A
A
A
Sazlamalar

FHN çimərliklərdən istifadəyə dair vətəndaşlara xəbərdarlıq edib

Bakı, 5 iyun, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyi (FHN) çimərliklərdən istifadəyə dair vətəndaşlara xəbərdarlıq edib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 iyun tarixli Qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün göstərilən ərazilərdə yaşayan şəxslərin yaşayış yerlərini və ya olduğu yerləri 2020-ci il iyunun 6-sı saat 00:00-dan iyunun 8-i saat 06:00-dək tərk etməsi qadağan olunub.
Yuxarıda qeyd olunanları, habelə son günlər havaların qızması ilə əlaqədar bəzi vətəndaşların hələ çimərlik mövsümü açıq elan edilməmiş çimərliklərə üz tutmalarını nəzərə alaraq, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda yaşayan vətəndaşların həmin tarixlərdə evdə qalmaları bildirilir və çimərlikdən istifadə məqsədilə yaşayış və ya olduğu yerləri tərk etmələri qəti şəkildə qadağan edilir.
FHN vətəndaşlara bir daha müraciət edərək, onları ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın bütün qərar və tövsiyələrinə ciddi əməl etməyə çağırır.

Sosial 2020-06-05 14:03:00