×
A
A
A
Sazlamalar

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpası sahəsinin pioneridir

Bakı, 5 iyun, AZƏRTAC

Ətraf mühit problemləri haqqında maarifləndirməni və təbiətin qorunması üçün fəaliyyəti təşviq etmək üçün hər il iyunun 5-i Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlər, həyata keçirilən dövlət və milli proqramlar təbiətdən, yeraltı sulardan, mineral xammal ehtiyatlarından və yerüstü sərvətlərdən səmərəli istifadə edilməsi, onların bərpası və mühafizəsi, bioloji müxtəlifliyin qorunub saxlanılmasına xidmət edir.
BMT-nin miqrasiya agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT-in) ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, bu istiqamətdə Azərbaycan hökuməti bir sıra xarici beynəlxalq təşkilatlarla birgə layihələr çərçivəsində məhsuldar əməkdaşlıq edir. BMqT-nin Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirdiyi “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsi ekologiyanın mühafizəsi və insanların rifahına xidmət edən mühüm layihələrdən biridir.
BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev bununla bağlı bildirib ki, nümayəndəliyin həyata keçirdiyi layihə Azərbaycan Hökumətinə kəhrizlərin bərpası ilə əlaqədar baş planın hazırlanmasına töhfə verəcək, yerlərdə kəhriz mühəndisləri və kankanların potensialını gücləndirəcək, mikro və kiçik sahibkarlığın yaradılmasına yardım vasitəsilə məcburi köçkünlərin, xüsusilə də qadınların kiçik sahibkarlıq fəaliyyətinə dəstək verəcək. 2018-ci ildən icrasına başlanılan dördillik layihə Azərbaycanın məcburi köçkünlərin də sıx məskunlaşdıqları Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Gəncə, Qazax, Goranboy və Göygöl rayonlarında ənənəvi və dayanıqlı su təchizatı sistemi olan 40 kəhrizin bərpası vasitəsilə təxminən 8 mindən çox ailəni təhlükəsiz və davamlı su ilə təmin etmək məqsədi daşıyır. Təşkilatın KOICA ilə 2010-2013-cü illərdə birgə əməkdaşlığı sayəsində ölkənin 6 rayonunda 20 kəhriz bərpa edilərək istifadəyə verilib. BMqT-nin bu sahədəki uğurlu keçmiş təcrübəsi və xüsusi səriştəsi bu layihəni uğurla başa çatdırılacağına zəmin yaradır. İlin fəsillərindən asılı olmayaraq müntəzəm ekoloji cəhətdən təmiz su verən kəhrizlər qrunt sularını toplayıb yer səthinə çıxarmaq üçün istifadə olunan yeraltı qurğudur. Qədim tarixə malik olan kəhrizlər sovet hakimiyyəti illərində köhnəliyin nişanəsi kimi diqqətdən kənarda qalıb və bu da son nəticədə onların bir çoxunun baxımsızlıq ucbatından sıradan çıxması ilə nəticələnib. Lakin zaman bunun yanlış siyasət olduğunu göstərdi və hazırda istər hökumət, istərsə də beynəlxalq qurumlar yanacaq və elektrik enerjisi tələb etməyən və bu səbəbdən ətraf mühitə zərər vurmayan davamlı su mənbəyi olan kəhrizlərin bərpası sahəsində işlər görməyə başlayıblar.
BMqT-nin Azərbaycan nümayəndəliyi kəhrizlərin bərpası sahəsinin pioneridir desək yanılmarıq. Məhz bu qurum 1999-cu ildən etibarən müxtəlif layihələr çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, Azərbaycanın bir sıra rayonlarının ərazisində mövcud olan 163-dən çox kəhrizi bərpa edərək əhalinin istifadəsinə verib. Məhz bu sahədə göstərdiyi uğurlu fəaliyyətinə görə təşkilat 2012-ci ildə ekologiya sahəsində ən nüfuzlu mükafat olan “Energy Globe Award”a layiq görülüb. Bu mükafat ekoloji cəhətdən davamlı layihələr həyata keçirən və ətraf mühitin qorunması üçün təsirli vasitələri tətbiq edən təşkilatlara verilir.
BMqT tərəfindin bərpa edilmiş kəhrizlərdən biri olan Naftalan rayonundakı Çəkil kəhrizi hazırda ətraf ərazinin əhalisi və kənd təsərrüfatı torpaqlarının su ilə təchizatında böyük paya sahibdir. Həmin kəhrizin suyu bu ərazidə yaşayan 12 mindən çox əhalidən 8400 nəfərinin məişət və suvarma ehtiyaclarının təmin olunmasında mühüm rol oynayır. Daimi su mənbəyi olan bu kəhriz sayəsində yerli əhali doqquz il ərzində Naftalan və ətraf ərazidə 20 minə yaxın ağac əkiblər. Bu işlərin həyata keçirilməsi və ümumilikdə həmin kəhrizin indiyədək işlək halda qalması layihə çərçivəsində yerli icma üzvlərindən seçilmiş Su İstifadəçiləri Komitəsinin sayəsində mümkün olub.
Təcrübəyə əsaslanan layihə əlaqələndiricisi Hye-Ryanq Seo bərpa olunacaq kəhrizlərin işlək halda qalmasında layihə benefisiarları olan icmaların rolunun əvəzsiz olduğunu və bu işdə xanımların fəallığını xüsusi qeyd edir. O bildirib ki, layihə çərçivəsində su mənbələrini idarə etmək üçün icma üzvlərinin iştirakı ilə kəhrizləri bərpa olunan hər bir kənddə Su İstifadəçiləri Komitəsi yaradılıb və komitəyə üzv seçilmiş icma üzvləri layihənin icrası və sonrakı dövrlərdə kəhrizlərin işlək halda qalması ilə bağlı fəaliyyət göstərirlər.
Kəhriz sistemlərinin işlək halda qalması kəhrizlərin bərpasında çalışan peşə adamlarının – kankanların hazırlanması və ümumilikdə kəhrizqazma sənətinin bərpasının əsas şərtlərindəndir. Kəhriz sistemləri və onun bərpası üzrə biliklərin, təcrübənin və bu işlə məşğul olan kankan peşəsinin sirlərini gələcək nəsillərə ötürülməsi üçün BMqT Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq çərçivəsində ADAU-da kəhriz sistemləri haqqında məlumatların toplanması, tədqiqatların aparılması, bilik və təcrübələrin paylaşılması üçün ixtisaslaşmış Kəhriz Tədqiqat və İnformasiya Mərkəzi yaradılıb, fakültə müəllimlərinin kəhriz mühəndisliyi üzrə təlimçilərin təlimində iştirakı təmin olunub. Bununla yanaşı, kəhriz mühəndisliyi üzrə fənn kurrikulumunu işləyərək, universitetin müvafiq ixtisaslar üzrə tədris proqramlarına salınması planlaşdırılır.
Ümumilikdə layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərini həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verəcək. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi (1-ci Məqsəd), qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması (5-ci Məqsəd), ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi (6-cı Məqsəd) daxildir.

Sosial 2020-06-05 13:36:00