×
A
A
A
Sazlamalar

Kürdəmirdə arpa biçini aparılır

Kürdəmir, 5 iyun, AZƏRTAC

Kürdəmir rayonunda bu ilin məhsulu üçün 50 min 392 hektarda taxıl yetişdirilib. Əkin sahələrinin 17 min 508 hektarı buğda, 32 min 884 hektarı arpadır. Bölgədə artıq taxıl biçininə start verilib.
Bu barədə Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilib ki, biçin kampaniyasının mütəşəkkil keçirilməsi və optimal müddətdə başa çatdırılması, biçin prosesində təhlükəsizlik tədbirləri ilə bağlı irəlicədən ciddi hazırlıq işləri görülüb, texnika işlək vəziyyətə gətirilib. Bu kampaniyaya ümumilikdə, rayon üzrə 60 taxılbiçən kombayn cəlb edilib.
Taxıl biçini prosesində texnikanın düzgün dislokasiyası, biçin zamanı kənd və qəsəbələrdə növbəliliyin təşkil edilməsi, növbəli biçin prosesinə əməl edilməsi kimi məsələlərlə əlaqədar vətəndaşlarla maarifləndirmə işləri aparılıb, onlara bukletlər paylanılıb. Habelə, taxıl anbarlarında dezinfeksiya işləri aparılıb.
Hazırda bütün ərazi dairələrində məhsul biçini sürətlə davam etdirilir.

Kənd təsərrüfatı 2020-06-05 12:08:00