×
A
A
A
Sazlamalar

Azərbaycanın iştirakı ilə Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri arasında videokonfrans keçirilib

Bakı, 4 iyun, AZƏRTAC

Beynəlxalq Dəniz Təşkilatının (BDT) Xoşməramlı Dəniz Səfirləri arasında videokonfrans keçirilib.
Dövlət Dəniz Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, videokonfransla təşkil olunan görüşdə ölkəmizi Beynəlxalq Dəniz Təşkilatının Azərbaycan üzrə xoşməramlı Dəniz səfiri, Dəniz Agentliyinin direktor müavini Fərhad Məmmədov təmsil edib.
Beynəlxalq Dəniz Təşkilatının Baş katibi Kitak Lim koronavirus infeksiyası ilə mübarizə çərçivəsində reallaşdırılan tədbirlər, gələcək planlar barədə danışıb.
Fərhad Məmmədov koronavirus (COVID-19) infeksiyasının zərərlərini minimuma endirmək üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhəmiyyətli və sistemli tədbirlərin görüldüyünü vurğulayıb. O, pandemiyanın vura biləcəyi zərbələrdən az itki ilə çıxmaq məqsədilə Azərbaycanda vacib addımlar atıldığını, nəticədə respublikada bu sahədə vəziyyətin digər ölkələrlə müqayisədə xeyli dərəcədə qənaətbəxş olduğunu söyləyib.
Bildirib ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə qeyri-neft sektorunun inkişaf etdirilməsi, daxili bazarın idxaldan asılılığının aradan qaldırılması, sahibkarlığın inkişafına şərait yaradılması bu çətin günlərdə öz sözünü deyir. Bütün bu amillər ölkəmizin koronavirusla mübarizədə bir nümunə olduğunu nümayiş etdirir. Artıq bəzi ölkələr Azərbaycan nümunəsini öyrənməyə, tətbiq etməyə başlayıb.
COVID-19 infeksiyasının dəniz nəqliyyatı sahəsində törədə biləcəyi fəsadların qarşısının alınması istiqamətində də əhəmiyyətli addımlar atıldığı videokonfrans iştirakçılarının diqqətinə çatdırılıb.
F.Məmmədovun sözlərinə görə, reallaşdırılan tədbirlər çərçivəsində Dövlət Dəniz Agentliyi tərəfindən Azərbaycan bayrağı ilə üzən gəmilərdə Azərbaycanın dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyalar və yerli qanunvericiliklə nəzərdə tutulan və vaxtı bitmiş şəhadətnamələrin müddəti 2020-ci il iyulun 1-dək artırılıb.
Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirlərinin diqqətinə çatdırılıb ki, koronavirus pandemiyası ilə əlaqədar zəruri xidmətlərin göstərilməsinə dair planlar barədə Azərbaycan dənizçilərinə, gəmi sahiblərinə, gəmiçilik şirkətlərinə, dövlət liman nəzarəti və bayraq nəzarətini həyata keçirən qurumlara, gəmiləri heyətlə komplektləşdirən agentliklərə və digər aidiyyəti şəxslərə bildirişlər göndərilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın və Beynəlxalq Dəniz Təşkilatının qeyd olunan məsələ ilə bağlı göstəriş və tövsiyələrinin Azərbaycanın dəniz nəqliyyatı sahəsində yerinə yetirilməsinə nəzarət olunması məqsədilə lazımi tədbirlər görülüb. BDT-nin qəbul etdiyi “Gəmilərdə COVID-19 hallarının və nəticələrinin idarə olunması üçün istismar mülahizələri”, “Dənizçilərinin sağlamlıqlarının qorunması məqsədilə gəmiçilik şirkətləri üçün Təlimat”ın nəzərə alınması məqsədilə gəmiçilik şirkətlərinə Dövlət Dəniz Agentliyi tərəfindən müvafiq tövsiyələr verilib.
Eyni zamanda, Azərbaycan dənizçilərinə verilən şəxsiyyət sənədi və “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair Beynəlxalq Konvensiya”nın tələblərinə uyğun olaraq verilən sertifikatların (diplomların) etibarlılıq müddətlərinin bitmə ehtimalı yarandığından bu istiqamətdə mühüm addımlar atılıb. Görülən tədbirlər nəticəsində hazırda beynəlxalq səfərlər həyata keçirən Azərbaycan bayrağı, eləcə də xarici bayraqla üzən gəmilərdə Azərbaycan dənizçilərinin çalışdığı nəzərə alınaraq dənizçilərin etibarlılıq müddəti bitmiş sertifikatlarının (diplomların) etibarlılıq müddətinin müvafiq tələblərə riayət olunmaqla 2020-ci il iyulun 1-dək agentlik tərəfindən uzadılmasına razılıq verilib.
Bununla yanaşı, agentliyin ən son texniki avadanlıqlar ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən ərazi sularımızda istər Azərbaycan, istərsə də xarici bayraqla üzən gəmilərin müşahidəsinin gücləndirilməsi, onların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.
Həmçinin xarici bayraqla üzən gəmilərin heyət üzvləri ilə təmasın minimuma endirilməsi məqsədilə xüsusi katerlərdən istifadə edilərək həmin gəmilərə bələdçi xidmətləri göstərilir. Qeyd edilən işlərə cəlb olunan liman nəzarəti müfəttişlərinin və bələdçilərin fasiləsiz olaraq xüsusi xidməti maşınlarla iş yerlərinə daşınmasına, onların sosial izolyasiya tədbirlərinə əməl etməsinə ciddi nəzarət olunur.
Sonda Beynəlxalq Dəniz Təşkilatının Xoşməramlı Dəniz Səfirləri görülən işlər, həyata keçiriləcək əməkdaşlıq planlarını müzakirə ediblər.

 

Nəqliyyat 2020-06-04 12:30:00