ABŞ Konqresinin üzvü 28 May – Respublika Günü ilə bağlı bəyanat verib
Vaşinqton, 2 iyun, AZƏRTAC
ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun üzvü, Nümayəndələr Palatasında Oklahoma ştatını təmsil edən respublikaçı Kevin Hern Azərbaycanın milli bayramı – Respublika Gününün 102-ci ildönümü münasibətilə bəyanat verib.
AZƏRTAC xəbər verir ki, bəyanatda 1918-ci ildə Azərbaycanın Şərqdə ilk müstəqil, dünyəvi demokratik respublika qurduğu bildirilib. Konqres üzvü uzun illər Sovet nəzarətində olan Azərbaycanın Sovet İttifaqının çökməsi ilə 1991-ci ildə yenidən müstəqilliyini bərpa etdiyini və 1992-ci ildə ABŞ-ın Azərbaycanla diplomatik əlaqələr qurduğunu vurğulayıb.
Bəyanatda, həmçinin Azərbaycanın Amerikanın etibarlı müttəfiqi olduğu, Azərbaycan əsgərlərinin beynəlxalq terrorçuluqla mübarizədə ABŞ əsgərləri ilə çiyin-çiyinə xidmət etdiyi qeyd olunub. Bundan əlavə, Azərbaycanın enerji marşrutlarının müxtəlifləşdirilməsi, habelə Cənub Qaz Dəhlizi layihəsi vasitəsilə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığı bildirilib.
Konqres üzvü əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi dünyəvi dövlət olan Azərbaycanda xristian və yəhudi icmalarının birgə yaşadığını qeyd edərək Azərbaycandakı dini plüralizmi təqdir edib.
Sonda Konqres üzvü Azərbaycanla Oklahoma ştatının Milli Qvardiyası arasındakı tərəfdaşlığı ön plana çəkib. K.Hern Konqresdəki Azərbaycan üzrə İşçi Qrupun üzvü kimi çalışmaqdan və ABŞ-la Azərbaycan arasındakı dostluq əlaqələrindən məmnunluğunu ifadə edərək bir daha Azərbaycan xalqına səmimi təbriklərini izhar edib.
AZƏRTAC-ın Vaşinqton bürosu
Azərbaycan və Serbiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Avropa Şurasının Bakı ofisinin rəhbəri ilə görüşüb
İtaliyalı nazir müavini: Azərbaycan bizim üçün strateji tərəfdaşdır