×
A
A
A
Sazlamalar

Paytaxtda “Kənddən Şəhərə” yarmarkaları keçirilir Reportaj

Bakı, 31 may, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar işində fasilə yaranmış “Kənddən Şəhərə” həftəsonu yarmarkaları yenidən fəaliyyətə başlayıb. Yarmarkalar paytaxtın üç fərqli nöqtəsində təşkil olunur.
AZƏRTAC-ın əməkdaşı Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiqlədiyi karantin normalarına nə dərəcədə əməl olunduğunu əyani görmək üçün Yasamal rayonu ərazisində (Space TV-nin yanı) keçirilən yarmarkanı ziyarət edib.
Ənənəvi bazarlardan fərqli olaraq satıcıları birbaşa fermerlər olan yarmarkada ilk diqqətimizi çəkən detal onların tibbi maska və əlcəkdə xidmət göstərmələri oldu. Söhbət əsnasında öyrəndik ki, təşkilatçı qurum olan Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən bütün fermerlər lazımi qoruyucu tibbi ləvazimatlarla (maska, əlcək, spirt və s.) təmin olunublar. Həmçinin vətəndaşların və fermerlərin temperaturları ölçüldükdən sonra yarmarka ərazisinə daxil olmasına icazə verilir.
İlk həmsöhbət olduğumuz fermer Bəhruz Məmmədov yarmarkanın fəaliyyətində yaranan fasilənin büdcəsinə təsir etdiyini vurğuladı. Ancaq onu da qeyd etdi ki, bu fasilədən müsbət mənada istifadə etməyi də bacarıb: “Mən Daşkəsən rayonunun Xoşbulaq kəndindənəm. “Kənddən Şəhərə” yarmarkaları fəaliyyət göstərdiyi gündən hər həftəsonu və bayramlarda öz məhsullarımla burada iştirak edirəm. Təbii ki, yarmarkanın keçirilməməsi büdcəmə təsir göstərdi. Ancaq karantindən istifadə edərək təsərrüfatımda görülməli olan bir sıra işləri həyata keçirdim. Hazırda 10 inəyim və 100 qoyunum var. İstəyirəm onların sayını artırım. Yarmarkada əsasən ağartı məhsulları satıram. Bu dəfə özümlə 100 kiloqram pendir, 60 kiloqram şor, 12 kiloqram qaymaq, 40 kiloqram yağ və 150 yumurta gətirmişəm. Pendirin 1 kiloqramını 6, şoru 3, yağı 10, motal pendirini 10, qaymağı 3 manata, yumurtanın bir ədədini isə 20 qəpiyə satışa çıxarmışam. Şükür ki, alverim də, şəraitim də yaxşıdır. Soyuducu, tərəzi, virusa qarşı qoruyucu vasitələrlə və digər lazımi ləvazimatlarla təmin olunmuşam, yer pulu da vermirəm. Hər dəfə məhsullarımla gəlirəm, geriyə cibimdə pulla qayıdıram”.
Digər bir fermer Araz Quliyev isə Quba rayonundan gəldiyini və yarmarkada ikinci dəfə iştirak etdiyini dedi: “Quba rayonunun Alekseyevka kəndindən gəlmişəm. Yarmarkada ikinci dəfədir ki, iştirak edirəm. Ötən həftə Ramazan yarmarkasında gətirdiyim məhsulların hamısını satıb bitirdim. İndi də öz bağımın məhsullarını satıram. 150 kiloqram gilas, 100 kiloqram çiyələk, 100 kiloqram da göycə gətirmişəm. Göycəni 4, çiyələyi 2,5, gilası isə 1,6-5,5 manat civarında təklif edirəm. Gilas və çiyələyi demək olar ki, satıb qurtarmışam. Növbəti yarmarkalarda da iştirak edəcəyəm”.
Yarmarkada olduğumuz müddətdə imkan tapıb alıcılarla da söhbətləşdik. Yaxınlıqda yaşadığını deyən Zeynəb Cəfərova yarmarkaya mövsümi meyvə almaq üçün gəldiyini dedi: “İndi çiyələyin, gilasın, alçanın əsl vaxtıdır. Mən də nəvəmlə meyvə almağa gəlmişəm. Burada qiymətlər çox yaxşıdır. Məsələn, gilası 2 manata almışam. Ancaq digər mağazalarda 6-7 manatdan aşağı qiymətə gilas yoxdur. Özü də fermerlər özləri satır deyə könül rahatlığı ilə alış-veriş edirəm”.
Xatırladaq ki, “Kənddən Şəhərə” həftəsonu yarmarkaları Yasamal rayonu ilə bərabər, Bakının Binəqədi (Süleyman Sani Axundov 5B) və Nərimanov (metronun “Gənclik” stansiyasının yanı) rayonlarında da təşkil olunur. Sosial mahiyyət daşıyan layihənin təşkilində məqsəd fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər əhalisini təbii kənd məhsulları ilə təmin etməkdir.

Sosial 2020-05-31 15:11:00