×
A
A
A
Sazlamalar

Hacıqabulda “Yura” ləqəbli narkotacir saxlanılıb

Hacıqabul, 29 may, Mahir Babayev, AZƏRTAC

Hacıqabulda “Yura” ləqəbli narkotacir və digər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər tutulub.
Rəncbər kənd sakini, 1989-cu il təvəllüdlü Şiraliyev Şahin Şiralı oğlunun üzərinə baxış zamanı ondan 2 bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Keçirilmiş əməliyyat istintaq hərəkətləri zamanı məlum olub ki, Ş.Şiraliyev narkotik vasitəni verdiyi pul müqabilində əvvəllər Cinayət Məcəlləsinin 234.2, 93.1.4 və 226-cı maddələri ilə məhkum olunan, kriminal aləmdə “Yura” ləqəbi ilə tanınan Hacıqabul şəhər sakini, 1977-ci il təvəllüdlü Əkbərov Yusif Həsən oğlundan alıb. Y.Əkbərov saxlanılarkən üzərinə baxış zamanı ondan 2 bükümdə satış üçün qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

Regionlar 2020-05-29 14:27:00