×
A
A
A
Sazlamalar

Aydın Hüseynov: Məcburi köçkünlər üçün ən müasir yaşayış kompleksləri inşa edilir

Bakı, 29 may, Səadət Hakıyeva, AZƏRTAC

Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının uğurlu icrası bütün ölkə vətəndaşlarının, o cümlədən qaçqın və məcburi köçkünlərin sosial rifahının əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olur. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət məcburi köçkünlərin güclü dövlət qayğısı ilə əhatə olunmasına, sosial müdafiəsinin gücləndirilməsinə və mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına imkan verib. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı mühüm fərman və sərəncamların icrası son illərdə məcburi köçkünlərin yüksək diqqət və qayğı ilə əhatə olunmasına, həyat şəraitlərinin yaxşılaşmasına, məşğulluğunun təmin edilməsinə səbəb olub.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Prezident İlham Əliyevin iştirakı ilə məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksinin açılışına münasibət bildirərkən deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyevin birbaşa qayğısı sayəsində ölkəmizdə bütün çadır düşərgələri ləğv edilib. A.Hüseynov bildirib: “Dövlətimizin başçısının qayğısı sayəsində 2007-ci ilin dekabrında ölkədə sonuncu çadır düşərgəsi də ləğv olundu. Son 17 ildə respublikamızın müxtəlif şəhər və rayonlarında məcburi köçkünlər üçün keyfiyyətli və müasir yaşayış binaları inşa edilərək istifadəyə verilib. Şirvan, Beyləqan, Göyçay, Göygöl, Ucar, Kürdəmir və digər şəhər və rayonlarda minlərlə ailənin mənzil təminatı həll edilib. Ümumilikdə, 300 min nəfərdən çox məcburi köçkün mənzillə təmin olunub. Bundan başqa, onların sosial problemlərinin həllinə yönəldilən vəsaitin həcmi bir neçə dəfə, yemək xərcləri üçün müavinət 60 dəfədən çox artırılıb. İndiyədək qaçqın və məcburi köçkünlərə 3 milyard manatdan artıq vəsait xərclənib. Dövlət büdcəsindən və Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi ilə bağlı ayrılan vəsaitin həcmi artır”.
Diqqətə çatdırıb ki, son illərdə məcburi köçkünlər üçün ən müasir və geniş hərtərəfli infrastrukturun yaradıldığı Qobu Park yaşayış komplekslərinin inşası xüsusi əhəmiyyət kəsb edir. Paytaxta yaxın bir ərazidə yerləşən bu yaşayış kompleksləri bütün sosial infrastrukturlarla və geniş yaşayış imkanları ilə təmin edilib və məcburi köçkünlərin böyük minnətdarlıqla qarşıladığı bu komplekslər şəhərsalma panoraması baxımımdan zövqverici bir məkana çevrilməkdədir. Ötən dövrdə “Qobu Park-1” yaşayış kompleksində 1026 ailə evlə təmin olunub, “Qobu Park-2” yaşayış kompleksində isə 1300 ailə mənzillə təmin olunub. İndi isə “Qobu Park-3” yaşayış kompleksi istifadəyə verilib və burada mindən artıq ailənin mənzil problemi öz həllini tapıb. Həmin kompleksin xüsusi üstünlüyü ondan ibarətdir ki, bu binalardakı bütün mənzillər mətbəx avadanlıqları və soyuducularla təmin edilib.
“Doğma yurdlarından didərgin salınmış bir milyon nəfərədək soydaşımızın sosial problemlərinin həll edilməsində Heydər Əliyev Fondunun misilsiz xidmətlərini qeyd etmək xüsusilə vacibdir. Azərbaycanın Birinci vitse-prezidenti və fondun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə məcburi köçkün olan uşaqların təhsil problemlərinin həllinə daim böyük qayğı göstərilir, müvəqqəti məskunlaşma obyektlərində mütəmadi olaraq məcburi köçkünlərlə görüşlər keçirilir, onlara ən yüksək səviyyədə qayğı göstərilir. Bu diqqət və qayğını daim öz üzərində hiss edən məcburi köçkünlər tezliklə doğma yurda qayıdacaqları günün uzaqda olmadığına əmindirlər, - deyə Aydın Hüseynov fikirlərini yekunlaşdırıb.

 

Siyasət 2020-05-29 13:33:00