×
A
A
A
Sazlamalar

Leonid Slutski: Prezident İlham Əliyevin qurduğu firavan Azərbaycanı görənlər daim ora qayıtmağa can atır

Moskva, 29 may, AZƏRTAC 

Prezident İlham Əliyevin qurduğu firavan Azərbaycanı görənlər daim ora qayıtmağa can atır.
AZƏRTAC xəbər verir ki, bu barədə TASS agentliyinin təşkil etdiyi Rusiya ilə Azərbaycan arasında münasibətlərin perspektivlərinə həsr olunmuş “Rusiya və Azərbaycan: strateji əməkdaşlığın üfüqləri” adlı onlayn formatda mətbuat konfransında Rusiya Dövlət Dumasının beynəlxalq işlər üzrə komitəsinin sədri Leonid Slutski deyib.
Mətbuat konfransının moderatoru qismində TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman çıxış edib.
Leonid Slutski Azərbaycan Prezidenti İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və bütün Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək deyib: “Azərbaycan bu gün bu bayramı çiçəklənən iqtisadiyyatla qarşılayır. Bunu əldə etmək o qədər də asan olmayıb. Buna görə də dahi Heydər Əlirza oğlu Əliyevin – hazırkı Azərbaycan dövlətinin yaradıcısını yada salmaq və xatirəsinə ehtiramımı bildirmək istərdim. Dahi atasının işini davam etdirməklə İlham Heydər oğlunun qurduğu müasir, firavan Azərbaycanı görənlər daim ora qayıtmağa can atır. O Azərbaycana ki, biz sevirik, o Azərbaycana ki, bizim ürəyimizdə yaşayır”.
Deputat Rusiya ilə Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında sıx əməkdaşlığından, iki ölkənin birgə enerji layihələrindən danışıb. O deyib: “Bu gün Azərbaycan həm də turizm mərkəzidir. Qəbələ və Azərbaycanın digər regionları çox gözəl inkişaf edir. Koronavirus pandemiyası əlbəttə ki, turizm sahəsini dayandırdı. Lakin əminəm ki, turistlərin Azərbaycana daha çox sayda gələcəyi gün uzaqda deyil”.
L.Slutski Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın bir çox sahələrdə, o cümlədən yüksək texnologiyalar və kosmos, elm və təhsil sferalarında inkişaf etdiyini xatırladaraq deyib: “M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı akademik Nərgiz Paşayevanın rəhbərliyi altında uğurla fəaliyyət göstərir. Getdikcə daha çox tələbənin təhsil aldığı bu ali məktəblə fəxr etmək olar”.
Siyasətçi, həmçinin Azərbaycanda rus dilinə hörmətcil münasibətdən, Rusiya regionları ilə artan əməkdaşlıqdan söhbət açıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Siyasət 2020-05-29 12:18:00