Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

Azərbaycanın Belarusdakı səfiri 28 May - Respublika Günü ilə bağlı bir sıra KİV-lərə müsahibə verib

Minsk, 29 may, AZƏRTAC
Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov 28 May - Respublika Günü ilə bağlı bu ölkənin bir sıra KİV-lərinə müsahibə verib, məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, BELTA dövlət informasiya agentliyi, “Belarus” radiosuna verdiyi müsahibələrdə və “belprauda.org” saytında dərc edilən məqaləsində səfir Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, demokratik inkişaf yolu, tarixi şəxsiyyətləri, dövlət rəmzləri, Azərbaycanda müstəqil dövlət quruculuğu, onun keçdiyi inkişaf yolu barədə ətraflı məlumat verib.
Səfir qeyd edib ki, yetmiş bir il sonra, 18 oktyabr 1991-ci ildə Azərbaycanın qanunverici orqanı dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktını qəbul etdi. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət atributları bərpa edildi və bu gün Azərbaycan ADR-in varisidir. Müstəqillik illərində Heydər Əliyevin rəhbərliyi ilə siyasi və iqtisadi islahatlar aparıldı, bütün demokratik hakimiyyət institutları yaradıldı, xarici siyasətin təməl prinsipləri müəyyən edildi. Digər ölkələrlə münasibətlər qarşılıqlı hörmət, daxili işlərə qarışmamaq, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərə hörmət əsasında qurulmağa başladı. İqtisadiyyata xarici sərmayə cəlb etmək üçün dünyanın aparıcı enerji şirkətləri Azərbaycanın neft sektoruna dəvət edilib. Son on yeddi ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə dünya əhəmiyyətli layihələr həyata keçirilib.
L.Qəndilov vurğulayıb ki, bu gün yeganə həll olunmamış məsələ Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonun azad olunmasıdır. Azərbaycan xalqı 26 ildir bu məsələnin ədalətli həllini gözləyir. Bununla belə, Ermənistanın baş naziri və xarici işlər nazirinin son açıqlamaları münaqişənin sülh yolu ilə həlli üçün bütün səyləri ləğv edir, hərbi qarşıdurmanın daha da güclənməsinə və gərginliyin artmasına xidmət edir. Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində ərazi bütövlüyünü bütün zəruri vasitələrlə təmin etmək hüququnu özündə saxlayır. Azərbaycan xalqı işğal olunmuş ərazilərin azad Azərbaycanın ərazi bütövlüyünün bərpa olunacağına inanır.
1918-ci ildə Millətlər Birliyi tərəfindən tanınan ADR-in ərazisi 114 min kvadratkilometr təşkil edirdisə, 1991-ci ildə müstəqilliyin bərpası ilə Azərbaycan ərazisi cəmi 86,6 min kvadratkilometr təşkil etdi, bunun 20 faizi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.
Səfir müsahibələrində, həmçinin Azərbaycan və Belarus arasında mövcud olan strateji münasibətlər, siyasi, iqtisadi və mədəni əlaqələr haqqında geniş söhbət açıb. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın uğurlu siyasi, iqtisadi və sosial layihələri barədə ətraflı məlumat verib.


Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk

Siyasət 2020-05-29 12:00:00

Video