×
A
A
A
Sazlamalar

Muxtar respublikada hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraiti yaxşılaşdırılır

Şahbuz, 28 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı ilə hərbi qulluqçuların xidməti və mənzil-məişət şəraitinin yaxşılaşdırılması tədbirləri uğurla davam etdirilir.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, hazırda ordunun Şahbuz şəhərində yerləşən hərbi hissəsinin bir əsgəri-məişət kompleksində əsaslı təmir işləri görülür, digər iki əsgər yataqxanasında isə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Əsaslı təmir işlərinin aparıldığı əsgəri-məişət kompleksinin dam örtüyü yenilənib, hörgü-suvaq işləri davam etdirilir. Zirzəmi ilə birlikdə 4 mərtəbəli binada yataq yerləri, xidməti, məişət, silah və sinif otaqları şəxsi heyətin istifadəsində olacaq. Əsgəri-məişət kompleksinin keyfiyyətli mebel dəstləri və digər lazımi avadanlıqlarla, müxtəlif növ dayanıqlı rabitə, daimi işıq və istilik sistemi ilə təchiz edilməsi nəzərdə tutulur. Binanın zirzəmisindən anbar və saxlanc kimi istifadə ediləcək.
Şahbuz şəhərindəki hərbi şəhərcikdə hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə zabit-gizir ailələri üçün yeni yaşayış binası da inşa olunur.
44 mənzilli yaşayış binası zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olacaq. İki, üç və dörd otaqlı mənzillərin olacağı binada bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, hər bir mənzil mebel dəstləri və digər ev əşyaları ilə təmin olunacaq. Binanın zirzəmisində isə müxtəlif təyinatlı mağazalar, anbarlar, tədbirlər zalı və digər xidmət sahələri fəaliyyət göstərəcək.
Texniki-təhlükəsizlik qaydalarına əməl olunmaqla hərbi obyektlərdə aparılan təmir-tikinti işləri muxtar respublikada hərbi qulluqçuların xidməti şəraitinin müasirləşdirilməsinə və sosial müdafiəsinin gücləndirilməsinə hesablanıb.

Regionlar 2020-05-28 17:03:00