×
A
A
A
Sazlamalar

Azərbaycan Xalq Cümhuriyyəti qısa fəaliyyəti dövründə əsl demokratik dövlət oldu

Bakı, 28 may, AZƏRTAC

Düz 102 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti adlı müstəqil dövlət yoxdan var edildi, ay-ulduzlu, üçrəngli bayrağı səmalarda dalğalanan Cümhuriyyət yaradıldı. İkiyə parçalandıqdan, zorla ilhaq edildikdən sonra müstəqil Azərbaycan idealları ilə vuruşanların, mübarizə aparanların, bu yolda canlarını fəda edənləri arzuları, istəkləri çin edildi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor Jalə Əliyeva bildirib.
Açıqlamada deyilir: “Mütəfəkkirlərimiz, maarifçi ziyalılarımız, şəxsiyyətlərimiz - Rəsulzadələr, Yusifbəylilər, Xoyskilər, Topçubaşovlar, Hacıbəyli qardaşları, Ağaoğlular, Hüseynzadələr və başqaları 1918-ci ilin 28 may tarixində, dünyanın və bölgəmizin qarışıq vaxtlarında ələ düşmüş tarixi şansı, fürsəti dəyərləndirərək Azərbaycanın istiqlalına nail oldular. Həmin gün qurucu babalarımızın fədakarlığı sayəsində dünyaya Azərbaycan adlı bir Günəş doğdu, öz gözəlliklərini ətrafa saçdı. Bu Cümhuriyyət qısa fəaliyyəti dövründə əsl demokratik bir dövlət oldu. Dünyaya o vaxt da, elə bu gün də meydan oxuyan, insan haqlarından, demokratiyadan aləmə car çəkənlərin bir çoxunda hələ qadınların seçmək və seçilmək hüququ mövcud olmadığı halda, Azərbaycanda ilk addımlardan biri olaraq, qadınlara belə bir hüquq verildi. Demokratik əsaslarla, çoxpartiyalılıq və çoxmillətlilik əsasında parlament formalaşdırıldı, şərq-müsəlman aləmində parlamentarizmin əsasları qoyuldu. Yenə də Şərqdə və müsəlman dünyasında ilk nizami Ordunun yaradılmasına start verildi. Təhsil islahatları, türk dilinin leqallaşdırılması, Bakı Dövlət Universitetinin yaradılması, onlarla Azərbaycan gəncinin xarici ölkələrin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi və sair məhz həmin dövrün cahanşümul fəaliyyətlərindən, addımlarındandır. Çox təəssüflər olsun, ilk Cümhuriyyətimizin ömrü uzun çəkmədi, cəmi 23 ay yaşadı. Bu da səbəbsiz deyildi. Çünki qısa bir müddətdə bu qədər uğurlara imza atan, ərazisini 114 kvadratkilometrə çatdıra bilən bir dövlətin varlığı çoxlarına, xüsusilə düşmənlərimiz olan ermənilərə, Azərbaycan torpaqları hesabına yaradılmış Ermənistan adlı mənfur dövlətə, onun açıq və gizli havadarlarına, bolşeviklərə - şər imperiyasına dar gəlirdi. Onlar heç cür müstəqil Azərbaycanı həzm və qəbul edə bilmirdilər. Nəticədə də daxildəki manqurtlarla, sapı özümüzdən olan baltalarla, dönüklərlə birləşərək 1920-ci ilin 28 aprelində Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu, Azərbaycan bolşeviklər tərəfindən işğal və ilhaq edildi.
Lakin bunlar da Azərbaycan xalqının azadlıq yanğısını, istiqlal mücadiləsini səngidə, məhv edə bilmədi. 71 il sonra, 1991-ci ildə Azərbaycan xalqı yenidən öz halal-hümmət haqqına qovuşdu, qanlar-canlar hesabına ikinci müstəqilliyini qazandı və dünyaya elan etdi. Bununla həm də qurucu babalarımızın ruhlarını şad etdi. Artıq 29 ildir ki, müstəqilik və dünyanın aparıcı dövlətlərindənik. Yenə dünyanın sayılıb-seçilən, sözü, nüfuzu ilə hesablaşılan hürr, demokratik məmləkətlərindənik. Çünki bunlar bizim ruhumuzda, qanımızdadır. Allah üçrəngli bayrağımızı bir daha ucalardan uca etsin, müstəqil dövlətimizi zirvələrdən-zirvələrə, zəfərlərdən-zəfərlərə yüksəltsin. Yaşasın, 28 Mayımız, yaşasın, qurucu babalarımız, yaşasın, müstəqil Azərbaycanımız, yaşasın, dövlətimizin başçısı - liderimiz cənab İlham Əliyev!”.

Daxili siyasət 2020-05-28 12:44:00