×
A
A
A
Sazlamalar

Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır

Ağdam, 26 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq, regionlarda elektrik enerjisi və təbii qaz təchizatının daha da yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Yeni elektrik və qaz xətləri çəkilir, paylayıcı şəbəkələr gücləndirilir və genişləndirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunda məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə elektrik enerjisi təchizatı yaxşılaşdırılır. Tikinti-quraşdırma işləri “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) və “Azəriqaz” İstehsalat Birliyinin elektrik enerjisi və qaz təchizatı şəbəkələrinin təkmilləşdirilməsi və yenidən qurulması üzrə birgə layihəsi əsasında həyata keçirilir.
Layihə çərçivəsində 230 məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı Quzanlı qəsəbəsi yaxınlığında, Soltanbud meşə massivi boyunca və Qərvənd kəndi ərazisində elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. Sözü gedən ərazilərdə paylayıcı elektrik şəbəkəsi tamamilə yenidən qurulur, o cümlədən açıq naqillər kabel xətləri ilə əvəzlənir, köhnə ağac dirəklər yenilənir, ehtiyac olan yerlərdə yeni güc mərkəzləri yaradılır. Artıq 100 ailənin məskunlaşdığı Quzanlı qəsəbəsi yaxınlığındakı ərazidə işlər başa çatdırılıb. 56 məcburi köçkün ailəsinin məskunlaşdığı Qərvənd kəndi ərazisindəki yaşayış massivində elektrik təsərrüfatının yenidən qurulması işləri yekunlaşmaq üzrədir. Tezliklə Soltanbud meşə massivi boyunca məskunlaşan məcburi köçkün ailələrin də elektrik enerjisi ilə təchizatı yaxşılaşdırılacaq.

 

Regionlar 2020-05-26 14:24:00