×
A
A
A
Sazlamalar

Vyetnam telekanalında Azərbaycandan bəhs edən sənədli film nümayiş olunub VİDEO

Pekin, 26 may, AZƏRTAC

Milyonlarla tamaşaçısı olan və Vyetnamın əsas televiziya kanalı hesab edilən VTV1-də Azərbaycana həsr olunmuş "Bir tarixi ziyarətdən sonra hekayə" adlı sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmin hazırlanması üçün Azərbaycana səfər edən VTV televiziya kanalının çəkiliş qrupu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Energetika naziri, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri Pərviz Şahbazov, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva, Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov, Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Yaşar Lətifov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlıdan müsahibələr alıblar. Həmçinin filmdə Azərbaycanın neft-qaz sənayesi, kənd təsərrüfatı, turizm imkanları, təbiəti, habelə qədim tarixi abidələri və zəngin memarlığından geniş bəhs edilib.
Filmin əvvəlində Şərqlə Qərbin kəsişdiyi məkanda yerləşən Azərbaycanın zəngin mədəniyyətə malik və son illər ərzində dünyanın sürətlə inkişaf edən ölkələrindən biri olduğu xüsusi vurğulanıb. Eyni zamanda, Azərbaycanın əsrarəngiz təbiətə malik olması ilə yanaşı, zəngin qədim tarixi və memarlıq mərkəzlərindən biri hesab olunduğu bildirilib. Filmdə Azərbaycandakı binaların tarixi barədə müfəssəl məlumat verilərək, XX əsrin əvvəllərində Bakı şəhərində Avropa memarlığı üslubu ilə yeni binaların tikildiyini və müasir dövrdə də həmin ənənənin davam etdiyi diqqətə çatdırılıb.
Zəngin tarixi keçmişə əsaslanan Azərbaycan-Vyetnam münasibətlərinə toxunularaq, bu dostluğun təməlinin Vyetnamın sabiq Prezidenti Xoşimin və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu vurğulanıb. Bu xüsusda Vyetnamın ilk Prezidenti Xoşiminin 1959-cu ildə Azərbaycana və keçmiş Sovet İttifaqının Nazirlər Şurası Sədrinin birinci müavini qismində Heydər Əliyevin Vyetnama səfərlərinin əlaqələrimizin hazırkı yüksək səviyyəyə çatmasında əvəzsiz rol oynadığı qeyd olunub. Filmdə müasir dövrdə də Azərbaycan-Vyetnam əməkdaşlığının münasibətlərin bütün spektri üzrə sürətli inkişafından danışılaraq, Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnamın o vaxtkı Prezidenti Çıonq Tan Şanqın 2015-ci il Azərbaycana səfərlərinin əlaqələrimiz tarixində yeni səhifə açdığı, bütün sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə güclü təkan verdiyi bildirilib. Filmdə ötən ilin oktyabrında Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak etmək məqsədilə ölkəmizə səfəri zamanı Vyetnamın vitse-prezidenti xanım Danq Thi Nqok Thinhin Prezident İlham Əliyev ilə görüşü ölkələrimiz arasındakı sıx əlaqələrin bariz təzahürü kimi xarakterizə olunub.
Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev VTV kanalına müsahibəsində dövlət başçılarının qarşılıqlı səfərləri zamanı çoxsaylı istiqamətlər üzrə birbaşa əlaqələrin qurulduğunu xüsusi qeyd edib. Bildirib ki, son illər ərzində Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq əhəmiyyətli dərəcədə aktivləşib, müxtəlif istiqamətlər üzrə yüksəksəviyyəli qarşılıqlı səfərlər həyata keçirilib, hər iki ölkənin hakim partiyaları, habelə parlamentlər arasında əlaqələr inkişaf etdirilib, o cümlədən Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupu, Azərbaycan Milli Məclisində isə Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, habelə İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyası, Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, Azərbaycan Mədəniyyəti və Tarixi Araşdırmaları Mərkəzi yaradılıb. Bu qurumlar Azərbaycan ilə Vyetnam arasındakı dövlətlərarası münasibətlərin davamlı inkişafına böyük töhfə verir.
Energetika naziri, İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının həmsədri Pərviz Şahbazov, ilk növbədə, neft sahəsi olmaqla, iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğunu qeyd etməklə yanaşı, iki ölkə arasında ümumi ticarət dövriyyəsinin artırılmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, Azərbaycan ilə Vyetnam arasında kənd təsərrüfatı, turizm, dənizçilik və yüksək texnologiyalar sahələrində əməkdaşlığı genişləndirmək üçün böyük potensialın olduğunu qeyd edib. İqtisadi sahədə əlaqələrin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rola malik olduğunu diqqətə çatdıran P.Şahbazov, Azərbaycanın Vyetnam ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya biləcəyini qeyd edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın aparıldığını söyləyərək, Azərbaycanın 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına, Vyetnamın isə 2020-ci ildə Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) sədrliyi zamanı sözügedən əməkdaşlığın daha da genişləndiriləcəyinə və adıçəkilən beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsinə əmin olduğunu vurğulayıb.
Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən birinci dərəcəli kapitan Zaur Hümmətov müsahibəsində qeyd edib ki, Azərbaycanın Hərbi Dəniz Akademiyasının məzunu olan Vyetnam Hərbi Dəniz Qüvvələrinin kontr-admiralı Pham Hoai Namın 2018-ci ildə ölkəmizə səfəri zamanı iki ölkə arasında hərbi dənizçilik sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Filmdə Vyetnam Hərbi Dəniz Qüvvələrinin zabitlərinin hazırlanmasında Azərbaycanın müstəsna rol oynadığını qeyd olunub, ulu öndər Heydər Əliyevin vyetnamlı məzunlara diplomlarını verməsini əks etdirən şəkillər nümayiş olunub. Ötən əsrin ortalarında yüzlərlə vyetnamlı Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində təhsil alıb. Hazırda Vyetnam Hərbi Dəniz Qüvvələrində ölkəmizdə təhsil almış 100-ə yaxın zabit həqiqi xidmətdədir. 1994-cü ildən indiyədək Vyetnam Hərbi Dəniz Qüvvələrinin bütün komandanları məhz Azərbaycanda təhsil almış zabitlər olublar. Qeyd olunmalıdır ki, 2017-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan və ölkə Prezidenti tərəfindən verilən "Dostluq" ordeni təqdim olunub.
Daha sonra filmdə Azərbaycan ilə Vyetnam arasında neft-qaz sahəsindəki əlaqələrdən söz açılıb. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlının sözügedən istiqamətlər üzrə Vyetnama göndərilən Azərbaycan mütəxəssislərinin, həmçinin XX əsrin ortalarından başlayaraq minlərlə vyetnamlının ölkəmizdə təhsil almasının ikitərəfli münasibətlərin dərin tarixi köklərə bağlılığının əyani sübutu olduğunu bildirib. O, rəhbərlik etdiyi universitetin 100 illik yubileyinə həsr olunacaq kitabda bu ali təhsil ocağının vyetnamlı məzun və tələbələri haqqında hissə də ayrılacağını deyib.
Filmdə universitetin muzeyində Vyetnamın ilk Prezidenti Xoşiminin Azərbaycana səfərini əks etdirən rəsm əsərinin nümayiş olunması bu ali təhsil ocağının Vyetnama göstərdiyi diqqətin bariz təzahürü kimi qiymətləndirilib. Qeyd etmək lazımdır ki, 2017-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə Vyetnam Sosialist Respublikasının yüksək mükafatlarından olan "Dostluq" ordeni təqdim olunub.
Filmdə ulu öndər Heydər Əliyevin neft strategiyasının əsas istiqamətləri barədə söhbət açılıb, dahi rəhbərin təşəbbüsü ilə imzalanmış "Əsrin müqaviləsi"nin Azərbaycanın inkişafındakı əvəzsiz rol oynadığı bildirilib.
Həmçinin filmdə Azərbaycanın sürətlə inkişaf edən iqtisadiyyatından söhbət açılıb, ölkəmizin Cənubi Qafqazın aparıcı dövlətinə çevrildiyi qeyd olunub.
Sözügedən filmdə Azərbaycan ilə Vyetnam arasındakı neft-qaz sahəsindəki əməkdaşlığın tarixi və perspektivlərinə xüsusi yer ayrılıb. SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov VTV kanalına müsahibəsində Azərbaycanın neft və qaz sənayesi sahəsində qazandığı nailiyyətlər barədə danışıb. O, 2019-cu ildə Hanoy şəhərində "Binh Son Emal və Neft-Kimya Səhmdar Şirkəti" (BSR) və SOCAR arasında Azərbaycan neftinin alqı-satqısına dair müqavilə imzalandığını qeyd edib.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Siyasət 2020-05-26 13:00:00

Video