×
A
A
A
Sazlamalar

Binə qəsəbəsində silahlı narkotacir saxlanılıb

Bakı, 25 may, AZƏRTAC 

Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rusiya vətəndaşı, Bakıda müvəqqəti qeydiyyatda olan Rauf Abdulraxmanov saxlanılıb. Binə qəsəbəsi “Bolluq” yaşayış massivində ona məxsus yerləşən evin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkarlanaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkarlanaraq götürülüb.
R.Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelin əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.
Rayon polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları əməliyyat tədbirlərinin davamı olaraq R.Abdulraxmanovun yaşadığı evdən gizlətdiyi odlu silah-sursat da aşkarlayıb. Belə ki, mənzildən ona məxsus bir ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat, həmin silaha aid 3 sandıqça və 38 döyüşə yararlı patron aşkarlanaraq götürülüb.
Faktla bağlı 3-cü polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. R.Abdulraxmanovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

 

Hadisə 2020-05-25 13:40:00